Şəhidlər xiyabanı qürur yerimiz,vətənə sədaqət rəmzimizdir

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş vermiş məşum qətliamdan 28 il ötür. Düz 28 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək ölkəmizin paytaxtında qanlı qırğınlar törətdi. Həmin hadisələrdən illər ötsə də, xalq 20 Yanvar faciəsinin şəhidlərini unutmur, azadlığımız uğrunda canından keçənləri böyük ehtiramla yad edir, onların ruhunu daim əziz tutur. Artıq bir neçə gündür paytaxtda, habelə respublikamızın bir sıra şəhər və rayonlarında faciənin anım gününə hazırlıq işləri görülür. On minlərlə insan ölkəmizin azadlığı uğrunda canlarından keçən mübarizlərimizin uyuduğu Şəhidlər Xiyabanına axışaraq, 20 Yanvar faciəsinin şəhidlərini böyük ehtiramla yad edir, respublikamızın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəmanların xatirəsinə ehtiramlarını ifadə edirlər. Məktəbimizin ibtidai sinif müəllimləri Sevinc müəllimə, İlhamə müəllimə, Şəbnəm müəllimə tədris etdikləri siniflərin - 4 D, 4 Ç, 1 F siniflərinin şagird və valideyn kollektivi ilə birgə 14 yanvar tarixində Şəhidlər xiyabanını ziyarət etdilər. Əllərində qərənfil güllər tutaraq xiyabana axışan şagirdlərimiz faciənin baş verdiyi gecə şəhidlik zirvəsinə qovuşan azadlıqsevər qəhrəmanlarımızın məzarları önünə güllər düzür, onların ruhuna rəhmət oxudular. Müəllimlərimiz şagirdlərin, ümumiyyətlə gənc nəslin Şəhidlər Xiyabanını ziyarət etmələrinin, respublikamızın azadlığı naminə şəhid olmuş mübarizlərimizin həyatı barədə məlumatlandırılmalarının vacib olduğunu qeyd etdilər. Məktəbin 4-cü sinif şagirdlərinin şəhidlərimizin fədakarlıqlarına xüsusi maraq göstərdiyini deyən müəllimlərimiz məktəblilərin bu gün, sabah, habelə sonrakı günlər də Şəhidlər Xiyabanını ziyarət edəcəklərini bildirdi.