Məktəbdə 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib

10 yanvar 2018-ci il tarixdə məktəbimizin akt zalında Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun, hüquq-mühafizə orqanlarının, xidmət rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin və sakinlərin iştirakı ilə 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi Asəf Rzayevin hesabat məruzəsi dinlənilmişdir. Məruzədə bildirilmişdir ki, 2017-ci ildə Nümayəndəliyə müraciət edən 78 nəfər vətəndaşın şikayətləri dinlənilmiş, 37 şikayət ərizəsi və məktub daxil olmuş, ayrı- ayrı təşkilatlara 43 məktub göndərilmişdir. Hesabat dövrü ərzində ərazidə 10 səyyar qəbul keçirilmişdir. Keçirilən səyyar qəbullarda 263 sakin iştirak etmiş, 147 sakinin problemi yerində həllini tapmış, 86 sakinin problemlərinin həlli üçün aidiyyatı təşkilatlara yönəldilmiş, 30 sakinin qaldırdıqları problemlərinin həlli qeyri-mümkün və əsassız olduğuna görə onlara lazımi izahat və düzgün istiqamətlər verilmişdir. Nümayəndəliyin inzibati ərazisində məişət tullantılarının vaxtlı-vaxtında daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərinin həyata keçirilməsi, ərazidə su, kanalizasiya axıntılarının vaxtında qarşısının alınması, sakinlərin digər problemlərinin həllində rayonun xidmət idarələri ilə birgə tədbirlər görülmüşdür. Nümayəndəliyin xidməti ərazisində yaşayan vətəndaşların şikayət və müraciətlərinin əksəriyyəti məhəllədaxili yolların asfaltlanması, həyətlərin abadlaşdırılması, küçələrin işıqlandırılması, istiliklə, su və kanalizasiya sistemi ilə bağlı olmuşdur. Gəncə prospekti 46 saylı binanın qarşısında 257 nömrəli məktəbə gedən məhəllədaxili yola 4452 kv.m. asfalt örtüyü vurulmuş, 5 ədəd işıq dirəyi quraşdırılmışdır. 2016-2017-ci tədris ilində inzibati ərazimizdə yerləşən təhsil müəssisələrindən 562 şagird məzun olmuşdur, onlardan 492 nəfəri ali məktəblərə sənəd vermiş, 324 nəfəri tələbə adını qazanmışdır. 8 məzun 650-dən yuxarı, 1 nəfər isə 680 bal toplamışdır. Dövlət proqramı çərçivəsində səkkiz ümumtəhsil məktəbləri əsaslı təmir edilmişdir və hesabat dövründə Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbin yeni korpus binasının tikintisi başa çatmış, müəllim və şagird kollektivinin istifadəsinə verilmişdir. Qeyd olunan məktəb korpusunun açılışında Prezident İlham Əliyev cənabları iştirak edərək, görülən işlərlə tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir. “İslam həmrəyliyi ili” çərçivəsində ərazimizdə yerləşən dövlət idarə və təşkilatlarında habelə, 8 məktəbdə (24, 48, 98, 191, 221, 257, 263, 265), 2 poliklinikada (8 saylı uşaq poliklinikası və Zığ sağlamlıq mərkəzi), Mir Tağı məscidində İslam dinində tolerantlıq, sülh, multikultural dəyərlər mövzusunda tədbirlər keçirilmişdir. Nümayəndəliyin üzvləri həmin tədbirlərdə yaxından iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamış, aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.