İdmançıların yarışa hazırlığının psixoloji yanaşması
Sevindirici haldır ki, bu gün ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafı dövlətin əsas prioritetləri sırasındadır. Yeniyetmə və gənclərimiz idmanın müxtəlif növlərinə maraq göstərir, bu və ya digər idman növü ilə məşğul olurlar. Şübhəsiz ki, bütün idmançılar kimi yeniyetmələrin,məktəb yaşlı uşaqların, xüsusilə idmana yeni başlayanların fəaliyyətlərində psixoloji hazırlıq xüsusi yer tutur. Bəs, görəsən, hamı yaxşı idmançı ola bilərmi? Bunun üçün insanda hansısa xüsusi keyfiyyətlər olmalıdırmı? Psixoloji durumu yerində olmayan, illər əvvəl çox güclü sarsıntı keçirən və hələ də onun təsirində qalan idmançı çempion ola bilərmi? Bu və bizi maraqlandıran digər suallara cavab tapmaq üçün məkrtəbin psixoloqu Zöhrə İbrahimova şagirdlərlə həmsöhbət oldu. O, ilk növbədə insan həyatında idmanın oynadığı mühüm roldan danışaraq idmanla məşğul olan insanların tüfeyli həyat tərzindən, zərərli vərdişlərdən uzaq olduğunu qeyd etmiş, idmanla asudə vaxtın səmərəli keçməsindən danışmışdır. Psixoloq qeyd etmişdir ki, idmanla məşğul olmağın daha bir müsbət cəhəti isə insanın xarakterində, davranışında özünü göstərir. Müşahidələr göstərir ki, idmanla məşğul olanlar daha möhkəm xarakterli, qətiyyətli, həmçinin köməksevər olur, böyük-kiçik yeri bilir, öz hərəkətlərində nizam-intizamı, səliqəni gözləyirlər.