İctimaiyyət və valideyn komitələri nümayəndələrinin iştirakı ilə pedaqoji şura keçirildi
Ümumi təhsil müəssisələrində təhlükəsizliklə bağlı təlimatların pozulması faktları təhsil mühitinə mənfi təsir edən halların baş vermə ehtimallarını artırır.
Cəmiyyətdə məktəb şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan təhlükəsiz və rahat hiss etdikləri məkan kimi dəyərləndirilir. Bununla belə, aidiyyəti şəxslərin laqeydliyi səbəbindən kənar şəxslərin təhsil müəssisələrinə daxil olması və digər neqativ hallar müəssisədə olan şəxslərin bir çox təhlükələrlə qarşılaşmalarına gətirib çıxara bilər.
Qeyd olunanları nəzərə alaraq, məktəbdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə ictimaiyyət və valideyn komitələri nümayəndələrinin iştirakı ilə pedaqoji şura keçirilib.
Pedaqoji şurada digər məsələlərlə yanaşı, valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili, psixoloqların hesabatlarının dinlənilməsi, müəllimlərin etik davranış qaydalarına riayət olunması vəziyyəti və s. kimi məsələlər ətrafında ilk öncə məktəbin direktoru Qarat Qaratov daha sonra isə təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Seyidova, psixoloqlar çıxış ediblər. Gündəlik məsələlər ətrafında müzakirələr aparılıb, daha sonra isə risk qrupuna daxil olan şagirdlərin müəyyənləşdirilməsi və məktəb psixoloqlarının onlarla apardığı işin gücləndirilməsi, məktəbdə təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin, növbətçiliyin, şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin, müəllim və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi, valideynlərlə qarşılıqlı işin artırılması, ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə, təlimata uyğun addımların atılması və dərhal aidiyyəti qurumlara məlumatın verilməsi, görülmüş işlərin mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılması və social şəbəkələrdə işıqlandırılması, fövqaladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi, etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması qərara alınıb.