“İCMA Mərkəzi” layihəsi çərçivəsində keçirilən “Qısnama davranışının aradan qaldırılması və sağlam münasibətlərin qurulması” mövzusunda forum
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İB-nin Elm və Təhsil Nazirliyinin keçirdiyi qrand layihə çərçivəsində icra etdiyi “İCMA Mərkəzi” layihəsi çərçivəsində 16 iyun 2023-cü il tarixində 257 nömrəli tam orta məktəbdə müəllim və valideynlər üçün “Qısnama davranışının aradan qaldırılması və sağlam münasibətlərin qurulması” mövzusunda forum keçirilmişdir. Açılışı məktəbin direktoru Qarat Qaratov və layihənin kordinatoru Gülnar Hüseynova etdilər. Forum zamanı əvvəlcə layihə çərçivəsində həyata keçirilən təlim və səfərlərin hesabatı iştirakçılara təqdim olundu. Bunun ardınca qısnama mövzusunu aktuallaşdırmaq üçün layihənin məktəbli üzvləri tərəfindən “Qısnamaya yox!” mövzusunda səhnəcik canlandırıldı. Səhnəciyin ardınca “Qısnama davranışı” mövzusunda psixoloq Aynur Rəhimova çıxış etdi. Pedaqoq Nərgiz Məcidli tərəfindən “Müəllim-şagird münasibətlərində qısnama davranışı” və psixoloq Günay Bayramova tərəfindən “Ailə daxili münasibətlərdə qısnama davranışı” mövzusunda çıxış etdilər. Həmçinin iştirakçıların sualları cavablandırıldı. Forumun sonunda iştirakçılarla birlikdə qısnama davranışının məktəbdə azaldılması üçün tövsiyələr səsləndirildi.
Qısnama davranışının qarşısını almaq üçün məktəbə tövsiyə olunan fəaliyyətlər:
- Məktəb psixoloqunun fəaliyyətinin gücləndirilməsi;
- Dərs prosesində müəllimin şagirdlərin hiss, düşüncə və davranışlarına qarşı diqqətli olması və mütəmadi maarifləndirmənin aparılması;
- Məktəblilər üçün məktəbdaxili və məktəbdənkənar maarifləndirmə tədbirlərinin keçirilməsi;
- Valideyn və müəllimlər üçün bu mövzuda təlimlərin keçirilməsi;
- Məktəbdə anonim sorğu nəticəsində “etibarlı şəxs”in seçilməsi (şagirdlər qısnama halı ilə qarşılaşdıqda həmin şəxsə məlumat versinlər);
- Məktəbdə “Yaşıl qutu”ların qoyulması (şagirdlər qısnama ilə qarşılaşdıqda bu barədə vərəqdə yazıb həmin qutulara atsınlar);
- İldə 1 və ya 2 dəfə “Qısnama həftəsi” keçirilsin (Həmin həftə boyunca bu mövzuda tamaşalar, təlimlər, maarifləndirmə tədbirləri təşkil olunsun və məlumatlandırıcı posterlər hazırlansın).