Asan xidmətə səfər
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İB-nin Elm və Təhsil nazirliyinin keçirdiyi qrand layihə çərçivəsində icra etdiyi “İCMA Mərkəzi” layihəsinin üzvləri olan şagirdlər 11 may 2023 tarixində 7 saylı Asan xidmət mərkəzinə səfər etdilər. Layihənin məqsədlərindən biri məktəblilərin ölkənin qabaqcıl iş yerləri ilə tanış edərək, gələcəkdə karyera planlamasına dəstək olmaqdır. Bu məqsədlə iştirak edən məktəblilər mərkəzdə keçirilən bütün xidmətlərlə birbaşa tanış olmaq imkanı əldə etdilər. Səfər zamanı əvvəlcə Asan xidmətin fəaliyyəti ilə bağlı şagirdlər məumatlandırıldılar. Sonra müxtəlif xidmət pəncərələrinə yaxınlaşaraq həyata keçirilən xidmətləri həm müşahidə etdilər, həm də Asan xidmətin əməkdaşları bu xidmətlərlə bağlı onları məlumatlandırdılar.
İkinci mərhələdə şagirdlər Asan könüllüləri və onların fəaliyyətləri ilə tanış oldular. Könüllülərin dəstəyi ilə “Əsgərə məktub” layihəsinə qoşularaq vətənin keşiyində duran əsgərlərə məktub yazdılar.
Üçüncü mərhələdə şagirdlər Asan xidmətdə fəaliyyət göstərən müxtəlif layihələrlə tanış oldular. Əvvəlcə “İnnoland”-ə daxil olaraq müxtəlif layihələri həyata keçirən şəxslərlə söhbət etmək imkanı əldə etdilər. Ardınca “Bilim Baku” layihəsi ilə tanış oldular. “Bilim Baku” layihəsi çərçivəsində hazırlanan fənn lobaratoriyaları ilə tanış oldular.
Şagirdlər Asan xidmət mərkəzinə olan səfəri məmnunluq hissi ilə başa vurdular