Şəhidlər unudulmur
20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.
I Qarabağ müharibəsində və Aprel döyüşlərində də minlərlə igidimiz öz canlarını Vətən uğrunda fəda etmişdir. Tarix yenidən təkrarlanmış, 2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlamışdır. 44 gün davam edən döyüşlər ərzində Ali Baş Komandanımızın uzaqgörən siyasəti və rəşadətli ordumuzun güclü döyüş taktikası Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Azərbaycan xalqı cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı altında “Dəmir yumruq” kimi birləşərək yenilməz ordumuzun haqq davasına tam mənəvi dəstək oldu. Döyüşlər ordumuzun qələbəsi ilə başa çatdı və Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edildi. Bu şanlı qələbə bizləri nə qədər sevindirdisə, ürəklərimizdə də bir o qədər iz qoydu. Minlərlə igidlərimiz və mülki vətəndaşlarımız şəhidlik adını qazandılar. Bu gün xalqımızın mərd oğulları Azərbaycan tarixini öz qanları ilə yenidən yazdılar.
Məktəbimizin şəhidləri Ədalət Abbasov, Rasim Cəbrayılov, Natiq Əliyev, Ceyhun Həsənov, İqbal Babayev yad edildi.
Biz bütün Azərbaycan xalqı olaraq öz məsuliyyətimizi dərk edirik. Şəhidlərimizin amalı qəlbimizdə möhkəm yer tutur. Biz hamımız bu müqəddəs amalı və şəhidlərimizin əziz xatirəsini qoruyub saxlamalı və yaşatmalıyıq.