20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir
Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib.20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.
Hər ilin bu günündə ölkəmizin bütün guşələrində xatirə tədbirləri keçirilir. Paytaxtda isə yüz minlərlə insan Qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır.
18 yanvar 2022-ci il tarixində 257 nömrəli tam orta məktəbdə 20 Yanvar Günü ilə əlaqədar seminar təşkil olundu. Məktəbin tarix müəllimi İlham Kərimli şagirdlərə 20 Yanvar hadisələri barədə geniş məlumat verərək onlara həmin tarixi günün Azərbaycan xalqı üçün necə böyük əhəmiyyət daşıdığını vurğuladı.