“Fövqəladə hallar uşaqların gözü ilə” X Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibi
Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə məktəblilər arasında təşkil edilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” X Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.
Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdikləri yaradıcılıq müsabiqəsinə oktyabrın 10-da start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib.
257 nömrəli tam orta məktəbin 9B sinif şagirdi Banu Mirzəyeva da sərgidə iştirak etmişdir. O, “Fövqəladə hallar uşaqların gözü ilə” X Respublika uşaq yaradıcılıq müsabiqəsində "Rəsm" nominasiyası üzrə II yer tutduğuna görə sertifikata layiq görülmüşdür.