"Zəfər Günü" ərəfəsində şəhidlərin xatirəsi yad edildi
44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi. 30 il həsrətində olduğumuz bu şanlı qələbə sevincini bizlərə yaşatdıqları üçün rəşadətli Ordumuzun əsgər və zabitlərinə, vətən torpağını qanları ilə müqəddəsləşdirən şəhidlərimizə, qazilərimizə borcluyuq.
Bu günlərdə məktəbin şagird və müəllim kollektivi şəhid ailələrini və müqəddəs and yerimiz olan İkinci Fəxri xiyabanı ziyarət edib.
Məktəbin 3 G sinif müəllimi Günay Mövsümzadənin təşkilatçılığı ilə şəhid polkovnik - leytenant Rəşad Quliyevin ailəsilə birgə əvvəlcə ev muzeyində, sonra xatirə lövhəsinin qarşısında toplaşaraq, şəhidin xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Şagirdlər şəhid Rəşad Quliyevin keçdiyi qısa lakin, şərəfli həyat yolundan bəhs edib. 37 il ömür sürən qəhrəman şəhidimizin xatirəsinə şeirlər söylənib, xatirə lövhəsinin önünə sinif adından əklil qoyulub. Məktəbin 2 E sinfi, sinif müəllimi Svetlana Məmmədova ilə İkinci Fəxri xiyabanı ziyarət edib, şəhid məzarlarına güllər düzüblər.
Bu qələbəni, bu sevinci bizlərə yaşadan şəhidlərimizin xatirəsi hər zaman hörmət və ehtiramla yad ediləcək.