27 sentyabr -Anım Günüdür
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik.
Bu gün məktəbdə ilk dərslər şəhidlərin xatirəsinə həsr olunub. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən məhz torpaq uğrunda canından, qanından keçməyi bacaran oğullar sayəsində var olur. Bu gün biz Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq.
Məktəbin şagird və müəllim kollektivinin çox böyük ruh yüksəkliyi ilə qatıldığı tədbir məktəbin şəhid məzunlarının abidə və xatirə lövhələrini ziyarət etməklə davam etdirildi. İlk öncə məktəbin adını daşıdığı Ə.Abbasovun, daha sonra Vətən müharibəsi şəhidləri İqbal Babayevin və Ceyhun Həsənovun xatirələri yad edildi, ailə üzvləri ilə görüşüb, məktəb adından hazırlanan əklil və güllər xatirə lövhələri üzərinə düzüldü. Şagirdlər şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söylədilər. Xatirə lövhələri önündə çıxış edən məktəbin direktoru Qarat Qaratov Vətən uğrunda canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu bir daha vurğuladı.