“Şuşa İli” – Azərbaycan xalqının sevinc və qürur ili
Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.
Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
Qalib Komandan İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2022-ci ili “Şuşa ili” elan etdi. Yanvarın 5-də isə Prezident bununla bağlı sərəncam imzaladı. Sərəncama əsasən, Nazirlər Kabinetinə “Şuşa ili” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırıldı.
Bu tapşırığa əsasən 257 nömrəli tam orta məktəbdə “Şuşa ili Azərbaycan xalqının sevinc və qürur ili” adlı möhtəşəm tədbir keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi, həmçinin Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xətai rayonu Şöbəsinin sədri Fuad Salahov da iştirak etmişdir. Fuad Salahov Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq, Ulu Öndərimiz tərəfindən əsası qoyulan bu siyasətin bu gün də ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Tədbirin sonunda “Gənc xilasedici və yanğınsöndürənlər” yarışının rayon mərhələsinin və “Cəsur kadet” sınaq günlərinin qalibi olan şagirdlər və 8 yaşadək oğlanlar arasında Şahmat birinciliyində III yer tutan Qarayev Turan məktəbin rəhbərliyi tərəfindən “Diplom”larla təltif olundular.