Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının şagirdlərlə görüşü
Ölkə iqtisadiyyatının ən aparıcı sahələrindən olan müdafiə sənayesinə marağın artırılması, ordu quruculuğu sahəsində həyata keçirilən yeniliklərə dair məlumatların gənc nəslə çatdırılması məqsədilə keçirilən görüşlər çərçivəsində aprelin 21 –də Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşkilatçılığı ilə məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçirildi. Görüşdə MSN-nin müşaviri Arif Babayev, Müdafiə təyinatlı məlumatların yaradılması və elmi araşdırmaları şöbəsinin müdiri Məmmədsaleh Əliyev iştirak etdi.
Nazirliyin məsul əməkdaşı MSN-nin yaradılması və fəaliyyəti, istehsal prosesi barədə məlumat verdi. Hərbi sənaye sahəsində gənc mütəxəssislərin yetişdirilməsinə ehtiyac olduğunu qeyd edən qonaq, Azərbaycan dövlətinin gənclərin yüksək səviyyədə təhsil almalarını, onların sağlam və vətənpərvər ruhda tərbiyə almalarını daim diqqət mərkəzində saxladığını vurğuladı.
Daha sonra məktəbin hərbi rəhbəri qonaqlarla silah otağına baxış keçirdi. MSN-nin əməkdaşı 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan söz açaraq torpaqlarımızın bütövlüyü uğrunda canlarında keçmiş şəhidlərimizin qəhrəmanlıqlarını əbədiləşdirmək məqsədilə Nazirlik tərəfindən hazırlanmış “Tarix yazan qəhrəmanlar” kitabını məktəbə hədiyyə etdi.
Sonda məktəbin direktoru Qarat Qaratov gələn qonaqlara öz təşəkkürünü bildirdi və xatirə şəkilləri çəkildi.