Məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsi keçirilir
Məktəblilər arasında "Şuşa ili"nə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festival -müsabiqəsinin keçirilməsinə start verilib. 2022-ci ilin mart-iyun aylarında üç mərhələ üzrə keçirilməsi nəzərdə tutulan festival-müsabiqənin ilk iştirakçıları seçilib. İlk öncə festival-müsabiqənin keçirilməsi haqqında məlumat müəllim və şagird kollektivinə çatdırılıb. Bildirilib ki, festival-müsabiqədə incəsənət və yaradıcılığın müxtəlif janr və növləri üzrə istedadı olan (11-17 yaş ) uşaqlar iştirak edə bilər. Festival -müsabiqə çərçivəsində dörd nominasiya (ifa,rəqs, dram sənəti, təsviri incəsənət) üzrə məktəbin istedadlı şagirdləri toplanıb. Şagirdlərin çıxışlarından öncə məktəbin direktoru Qarat Qaratov festival-müsabiqənin keçirilməsinin məqsədindən danışaraq, iştirakçılara uğurlar arzulayıb. Çıxışların sonunda münsiflər heyətinin yekdil səsi ilə üç nominasiya üzrə qaliblər seçilib. İfaçılıq nominasiyası üzrə (vokal ifaçılıq) məktəbin 10 F sinif şagirdləri Fidan və Fərid Fərzəliyevlər, rəqs nominasiyası üzrə (milli rəqs) məktəbin 8 B sinif şagirdi Natəvan İsmayılova, təsviri incəsənət nominasiyası üzrə (rəsm) məktəbin 10 A sinif şagirdi Məhluqə Həsənova festival-müsabiqənin rayon mərhələsində iştirakı üçün seçilmişlər. Festival-müsabiqənin keçirilməsində əsas məqsəd uşaqların bədii-estetik səviyyəsini yüksəltmək, istedadları üzrə çıxarmaq, uşaqları vətənpərvərlik, tariximizə, dövlət rəmzlərinə, torpağımıza hörmət ruhunda tərbiyə etməkdir.