31 mart Soyqırım qurbanlarının xatirəsi anıldı
Azərbaycanda martın 31-i Azərbaycanlıların Soyqırımı Günü qeyd edilir. Bununla əlaqədar məktəbdə 31 mart soyqırım qurbanlarının xatirəsi anıldı. Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, 44 günlük Vətən Müharibəsi iştirakçısı Orxan İbrahimzadə, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Məktəbin tarix müəllimi Səbinə Məlikova soyqırım haqqında məruzə ilə çıxış etdi. Bildirdi ki, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə geniş miqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən -obasından didərgin düşmüşdür. Sonra 4-cü sinif şagirdləri soyqırım barədə məlumat verərək, Əhməd Cavadın şeirini söylədilər. 10 Ç sinif şagirdi Vaqif Xəlilin soyqırım haqqında hazırladığı video təqdimat nümayiş olundu.
Söz 44 günlük Vətən müharibəsi iştirakçısı Orxan İbrahimzadəyə verildi. Hərbiçi şanlı qələbəmizdən söz açaraq, şəhidlərin ruhunu böyük etiramla anaraq, qazilərimizə cansağlığı arzuladı.
Məktəbin ibtidai sinif müəllimi Svetlana Məmmədova Qarabağda törədilən qətillərin canlı şahidi kimi xatirələrini danışdı. Sonda məktəbin direktoru Qarat Qaratov tədbirin əhəmiyyətindən söz açaraq, gələn qonaqlara minnətdarlığını bildirdi. Söz YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadəyə verildi. Təşkilat sədri tədbirin təşkilində iştirak edən müəllim və şagirdlərə öz təşəkkürünü bildirdi. Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı ermənilərin iç üzünün tanınması üçün bu tarixi hadisələri görməyə çağırır.