"Novruz bayramı bədii ədəbiyyatda" adlı tədbir keçirildi
Məktəb kitabxanasında layihə çərçivəsində xalqımızın adət ənənələrinin əks olunduğu kitab və bədii məqalələrdən ibarət guşə yaradılıb. Bu gün kitabxana müdiri Mətanət Veyisovanın şagirdlərlə birgə hazırladığı tədbir nümayiş olundu. Tədbirdə kitabxananın fəal üzvləri olan dördüncülər iştirak etdilər. Tədbiri ilk olaraq açan Mətanət Veyisova xalqımızın milli bayramı olan Novruzun qeyd olunması adətlərindən danışdı. Bildirdi ki, Novruz bayramı təzə ili baharın ilk gününü qarşılamaq deməkdir. Belə ki, günəş cənubdan şimala keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz fəsli başlayır. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk gününün bayramıdır. Sonra Novruz şənliklərində keçirilən milli xalq oyunları olan "Sayaçı", "Yuğlama", "Yel baba", "Kəvkəs", "Kosa-kosa" oyunlarından söz açıldı. Sonda şagirdlər mütaliə etdikləri bədii ədəbiyyatlardan Novruza aid atalar sözləri, tapmacalar, yanıltmaclar, bayatılar, Novruz deyimləri söylədilər.