20 Yanvar faciəsinə həsr olunmuş seminar dərs
Yanvarın 18-də 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş seminar dərs məktəbin 8 Ə sinfində tarix müəllimi Səbinə Məlikovanın təşkilatçılığı ilə keçirildi. Dərsdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra bu misilsiz vəhşiliyin təfərrüatları şagirdlərə çatdırıldı. Qeyd olundu ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın bir neçə rayonunda dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Bu hadisələrdə 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar, həkim və polislər də olub.
Otuz iki il keçməsinə baxmayaraq Azərbaycan xalqı bu hadisələri unutmadı və unutdurmadı. Sonda şagirdlərə 20 Yanvar faciəsi ilə yanaşı 44 günlük Vətən müharibəsini və tarixi qələbəmizi əks etdirən sənədli film nümayiş olundu.