Yay məktəbində psixoloji seminar
24.06.2021-ci il tarixində məktəbin psixoloqu Zöhrə İbrahimova Yay məktəbində şagirdlərlə psixoloji seminar keçirib. Seminarın keçirilməsində məqsəd uşaqlara öz hiss və emosiyalarını, narahatlıqlarını daha optimal yollarla dəf etməyi öyrətmək, dərin gizlənmiş hisslərini bölüşməyə, dəstək və anlayış əldə etməyə hazırlamaqdır.Təlimdə şagirdlərlə bir neçə maraqlı çalışmalar edildi.
“Hörümçək toru» adlanan çalışmada qrup üzvləri dairə şəklində əyləşirlər. Psixoloq yumağın başlanğıc hissəsini biləyinə bağlayır. Özü haqqında, xarakteri, xobbisi, sevdiyi rəng, sevdiyi yemək və s. haqqında məlumat verir və yumağı istənilən iştirakçıya atır. Bu dəfə həmin iştirakçı özü haqqında danışır və beləliklə, bir hörümçək toru əmələ gəlir. Hamıya söz verildikdən sonra yumaq geri qaytarılaraq tam açılmalı, tor dağılmalıdır.
Şagirdlərlə edilən növbəti çalışmamiz isə « Yenot dairəsi» adlanır. Bu tapşırıq şagirdlərə belə təlimat olunur: “Mənim əlimdə möhkəm bir lent görürsünüz. Bu lentin ucları bir-birinə möhkəm bağlanmışdır. İndi dairə şəklində düzülün və hər iki əlinizlə lenti tutun. Ayaqlarınızı cütləşdirin, ayaqlarınızı yerdən ayırmadan arxaya doğru əyilin. Elə vəziyyət alın ki, dairədən tutanda qollarınız tam açılsın. Tarazlığı qorumağa çalışın. Rahat olun. Hiss edirsiniz, lent sizi tutur? Belə hamı bir yerdədir. İndi biz bizə dəstək olan dairəmizi yaratdıq. Biz dairəmizə o qədər etibar edirik ki, hətta gözlərimizi yuma bilərik. Gəlin, qarşılıqlı etimad və qarşılıqlı dəstək hissini vücudumuzun hər damasıyla yadda saxlayaq. Bu dairə “yenot dairəsi” adlanır. Zooloqlar fərqinə varıblar ki, yenotlar vacib işləri həll edəndə dairə formasında dayanırlar. Siz hiss edirsiniz ki, dairə bizi həqiqətən də birləşdirir”.
Aqressiyanı, emosional gərginliyi dəf etmək üçün "Emosiyalar " adlı çalışmada şagirdlər çox əyləndilər. Psixoloq belə təlimat verir : Şagirdlər dairə şəklində dayanırlar. Bir nəfər iştirakçı əlində balaca top istənilən iştirakçıya bir emosiya adı deyir və topu atır. Topu qəbul edən iştirakçı həmin emosiyanı mimika, jestikulyasiya və pozalar şəklində ifadə edir.
Şagirdlər bu çalışmalardan sonra mənəvi zövq alaraq emosiyalarını rahatlıqla ifadə etməyi, qrup olaraq birləşməyi öyrəndiklərini söylədilər.
Təlimin sonuna yaxın psixoloq şagirdləri maraqlandıran sualları cavablandırmışdır.