İgid əsgər
Bu günlərdə xalqımızın kiçikdən – böyüyə qürur hissi ilə söhbət açdığı hər evdə, hər ailədə fəxrlə yad etdiyi Vətən müharibəsi iştirakçıları olan qəhrəman əsgərlərimizdir. Bir xalqın müstəqilliyini qorumaq üçün onun güclü ordusunun olması vacib şərtdir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daima təhlükə altındadır. Müasir Azərbaycan ordusu ən yeni silahlara, zəngin maddi texniki bazaya malikdir. Lakin orduda mərd, cəsur, qorxmaz əsgərlərin olmazsa məğlub olarsan.
44 günlük Vətən müharibəsinin hər günündə ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin şahidi olduq.
Bu gün söhbət açacağımız igid oğullardan biri də məktəbimizin məzunu 1999- cu il təvəllüdlü İsaqzadə Yusif Yasər oğludur. Hələ məktəb illərində qorxmazlığı, cəsarəti və yüksək təşkilatçılığı ilə fərqlənən Yusif 2016 – cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Gənclərin Çağırışaqədərki Hazırlığı, Fiziki tərbiyə müəllimi fakultəsinə daxil olur. Ali təhsilini başa vuran Yusif 2020 – ci il iyulun 1- də həqiqi hərbi xidmətə yola düşür. Yusif Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət bölüyü 20 – 24 saylı hərbi hissəsində xidmətə başlayır. Xidmətə başladığı ilk günlərindən komandanlığın diqətini çəkən əsgər snayperçi kimi təlimlərə başlayır.
2020- ci il 27 sentyabr tarixindən Vətən müharibəsinə qoşulan Yusif ön cəbhədə Füzuli, Cəbrayıl, Xudafərin, Zəngilan ,Qubadlı rayonları uğrunda döyüşlərdə iştirak edir. 44 günlük müharibədə mərdlik, cəsarət və igidliklə döyüşür. Dəfələrlə komandiri valideynlərinə belə qorxmaz və mərd oğul böyütdükləri üçün minnətdarlıq bildirir.
Heç təsadüfi deyil ki, Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin sərəncamıyla təltif olunanlar arasında İsaqzadə Yusif Yasər oğluda var. Yusif “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.
Biz də məktəbimizin kollektivi adından qəhrəmanının ailəsini təbrik etdik. Yusif hazırda Zəngilanda xidmətini davam etdirir.
Düşünür ki, gələcək müəllim özü kimi mərd, qorxmaz və vətənpərvər şagirdlər yetişdirəcək.