Əbədiyaşar qəhrəmanlar!
Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin müdrik kəlamı didaktik əhəmiyyət daşıyır. “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin şəxsi nümunələri də şagirdlər üçün tərbiyə məktəbidir.
Qəhrəmanların həyatı, qəhrəmanlıqları haqqında söhbətlər məktəblilərdə vətənə məhəbbət, dəyanət, igidlik, möhkəm yoldaşlıq, dostluq, sədaqət və başqa nəcib xüsusiyyətləri tərbiyə etməyə kömək edir.
Məktəbimiz bütün bunları nəzərə alaraq, Qarabağ müharibəsində iştirak etmiş şəhid məzunlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə onlara həsr olunmuş guşənin yaradılmasını həyata keçirdi.
Həyatda hər şeydən əziz olan Vətənə bağlı hər bir tapşırığı şərəfli və ülvi bir vəzifə bilən məzunlarımızın – məktəbə adı verilən, ”Hərbi xidmətə görə” medalı ilə təltif olunan Birinci Qarabağ müharibəsi iştirakçısı Abbasov Ədalət Ənvər oğlunun, Cəbrayılov Rasim Fəzail oğlunun, Əliyev Natiq İsmayıl oğlunun, Vətən müharibəsi qəhrəmanı, “Vətən uğrunda “medalı ilə təltif edilən kapitan Ceyhun Həsənovun və “ Vətən uğrunda”medalı ilə təltif olunan Babayev İqbal Zəki oğlunun xatirələri əbədiləşdirildi.
Bu əbədiyaşar qəhrəmanlar tariximizin şanlı səhifəsini yazaraq ölümsüzlük qazandılar.
Onların ruhu qarşısında baş əymək, onların keçdikləri həyat və döyüş yolunu öyrənmək, təbliğ etmək, əbədiləşdirmək hər birimizin müqəddəs borcudur!