Ümummilli lider Heydər Əliyevin anım günü
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət ümummilider səviyyəsinə yüksəlmişdir. Ümummilli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 17 il keçir. Məhz həmin gündən dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.