Şəhidlik ən uca zirvədir!
Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.
Tarix yazan oğullarımız hər zaman qəlblərdə yaşayır, qəhrəmanlıqları ilə təkcə valideynlərinin deyil, bütün xalqın övladına çevrilirlər. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən ümdə işi olmalıdır
Qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımız dünən də olub, bu gün də var, sabah da olacaq. Onlardan biri də Babayev İqbal Zəki oğludur.
İqbal məktəbimizin şagirdlərindən biri olmuşdur. Məktəb illəri ərzində sakit təbiəti, təvazökarlığı, mülayim xasiyyəti ilə sinif yoldaşlarından seçilərdi. Kim düşünə bilərdi ki, onun gənc ürəyində böyük Vətən eşqi, torpaq sevgisi, mənfur düşmənə qarşı isə sarsılmaz nifrət hissi saxlanırmış. Babayev İqbal orta məktəbi bitirdikdən sonra Xəzər Universitetində ali təhsil almış, sonra vətən borcunu yerinə yetirmək üçün ordu sıralarında xidmətini layiqincə başa vurmuşdur. 27 sentyabr 2020-ci ildən düşmənin dövlətimizə qarşı başlatdığı müharibəni duyan kimi yenidən orduya gedib vuruşmaq, canından çox sevdiyi torpağını qorumaq üçün Azərbaycan Silahlı Qüvvələrinin sıralarına adını könüllü olaraq yazdırır. Və…yenidən silahına sarılaraq bu dəfə dövlətini qorumağa deyil, 30 ildir mənfur erməni əsarətində olan ərazilərimizi azad etməyə gedir.
O sakit, o mülayim xasiyyətli İqbal döyüşlərdə bir aslan kimi qorxu bilmədən düşmənləri məhv etməyə, onları dogma torpaqlarımızdan qovmağa çalışırdı. Təəssüf ki, namərd düşmən gülləsi onun gənc ömrünü yarıda qoydu. İqbal Babayev ən uca zirvəyə- şəhidlik zirvəsinə ucaldı. O təkcə ailəsinin, yaxınlarının deyil, oxuduğu 257 nömrəli məktəbin bütün müəllim və şagird kollektivinin də qüruru, and yeri oldu.
Vətəni, dövləti üçün canlarını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyir, onları böyük hörmətlə yad edirik!