Qələbəyə doğru gedirik!
Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq döyüş bölgələrində aparılan əməliyyatlar haqqında Azərbaycan xalqı məlumatlandırılır və ölkə başçısı tərəfindən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, Müdafiə Nazirliyi və digər qurumlar Prezidentə cəbhədəki vəziyyətlə bağlı mütəmadi olaraq xəbərlər verirlər. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır.
İşğal olunmuş torpaqlarımızın bir hissəsi,100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər bu müddət ərzində erməni qəsbkarlarından müzəffər ordumuz tərəfindən azad edilmişdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı dalğalanır. Bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs bu görüntüləri izlədikcə vəhşi düşmənin bizim şəhər və kəndlərimizi necə dağıtdığının şahidi olmuş oluruq. Bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb,vuran qoyulmuşdur.İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir.
Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə böyük rəşadət, peşəkarlıq göstərir. Biz tarix boyu dəfələrlə öz torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi- Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir.
Dövlət başçımız,Ali Baş Komandan İlham Əliyevin dediklərindən:” Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”