Onlayn dərslərin təşkili
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.
Hazırda tədris müəssisələrində dərslər dayandırılsa da, Ə.Abbasov adına 257 nömrəli məktəbin müəllimləri şagirdlərin dərs mövzularından kənar qalmaması üçün onlayn dərslərə start vermişlər.
Hər sinif müxtəlif fənlər üzrə qruplarda toplanılaraq müəyyən olunmuş cədvələ mümkün qədər riayət etməklə onlayn dərslərə başlamışdır. Müəllimlər proqram materiallarına aid tapşırıqlar verir, şagirdlər də onları həll edərək iştirak etdikləri onlayn fənn qruplarında müzakirələrə qoşulur, müəllimin izahı ilə anlaşılmayan mövzuları qavrayırlar. Düzdür, bu dərslər real dərslərin yerini tam verməsə də, ən azından şagirdlərin cari dərs ili üzrə proqram materiallarından geridə qalmamaları üçün atılan çox müsbət addım və hazırda hər kəsi qane edən yeganə alternativ variantdır.