20 Yanvar faciəsi - tariximizin qan yaddaşı
20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Bu il xalqımız 20 Yanvar hadisələrinin 30-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir.
Respublikamızın hər yerində olduğu kimi 257 nömrəli məktəbin də müəllim və şagird kollektivi Azərbaycan xalqının azadlığı uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsini yad edirlər.
Məktəbin 7 E sinif şagirdləri sinif rəhbəri Nazilə Ağapaşayeva ilə birlikdə şəhərin mərkəzindəki Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhid məzarlarının üzərinə qərənfil dəstələri düzmüşlər. Onların kiçik qəlbində gördükləri bu mənzərə dərin kədər yaratsa belə, həm də yaxşı bilirdilər ki, onlar da böyüyüb bu məzarlarda uyuyan xalqımızın igid oğul və qızları kimi vətən uğrunda canlarından keçməyə,lazım gələn zamanda torpaqlarımızın müdafiəsinə qalxmağa hazır olacaqlar.