20 Yanvar faciəsinin anım günü
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.
1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.
Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin – günahsız Qanlı Yanvar qurbanlarının əziz xatirəsini bir daha dərin hüznlə yad edərək, faciənin otuzuncu ildönümü ilə əlaqədar istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir, faciəni əks etdirən filmlər, tamaşalar nümayiş olunur.
Bu silsilə tədbirlərdə 257 nömrəli məktəb də iştirak edir. Müəllimlər şagirdlərlə bərabər 20 Ynavar faciəsinin otuz illiyinə həsr olunmuş açıq dərslər,debatlar,tədbirlər keçirir,sənədli film nümayiş etdirir,Şəhidlər Xiyabanına şəhidlərin məzarını ziyarətə gedirlər.
Bu ənənədən məktəbin 6Ç sinif şagirdləri də geri qalmadılar. Onlar sinif rəhbərləri Dilşad Səfərova ilə birgə şəhidlərimizin məzarını ziyarət edərək,onların qəbirləri üzərinə qırmızı qərənfillər düzdülər. Şagirdlər Vətənin azadlığı uğrunda canlarından keçən bu insanların önündən dərin hüznlə keçərək bir daha vətən sevgisinin necə böyük,necə əvəzsiz olduğunu sanki hiss etmiş oldular.