Hər oxuyan Molla Pənah olmaz

28 fevral tarixində məktəbin akt zalında Molla Pənah Vaqifin yaradıcılıq gecəsi keçirilib. Böyük Azərbaycan şairi M. P. Vaqif ədəbiyyatımızda realizmin banisi, həyatın gerçəkliklərini ilk dəfə poeziyanın tərənnüm və təsvir obyektinə çevirən söz sənətkarıdır.
Tədbiri giriş sözü ilə açan məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülü Əzizova Vaqifin həyat yolundan danışıb. Vaqif obrazını 11”B” sinif şagirdi Allahverdi Balabəy canlandırıb. Digər siniflərin istedadlı də şagirdləri öz maraqlı çıxışları ilə tədbirə rəng qatıblar. Vaqifin həyatını əks etdirən səhnəciklər izləyənlərin böyük marağına səbəb olub. Dahi şairin şerlərinə bəstələnmiş mahnılar ifa olunub, şerlər səsləndirilib.
Çıxış edənlər bildiriblər ki, Molla Pənah Vaqifin yaradıcılığı həmişə təzə və təravətli olaraq qalacaq. Ona görə ki, Vaqifin şirin, anlaşıqlı, aydın dili var. Hər bir azərbaycanlı oxucu Vaqifin yaradıcılığını oxuyur və asanlıqla başa düşür. Doğrudan da M. P. Vaqifə qədər Azərbaycan dilində sadə, aydın və anlaşıqlı bir üslubda yazan şairimiz az olub. M. P. Vaqifin yaradıcılığı insanların hafizələrində, yaddaşlarında yaşayaraq dövrümüzə qədər gəlib çatıb.
Vaqifin əsərləri vaxtında itib-batmış, əlyazmaları talan olmuşdur. Ancaq onun yaradıcılığını sevən insanlar, bütövlükdə xalq M. P. Vaqifin əsərlərini yaddaşlarında yaşatmış, xanəndələr sözlərini məclislərdə ifa etmiş, yazmaq bacarığı olanlar şairin qəzəllərini, qoşmalarını müxəmməslərini qələmə almışlar.
M. P. Vaqif öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olmuşdur. “Hər oxuyan Molla Pənah olmaz” fikri sübut edir ki, Vaqif dövründə oxuyanlar, savad sahibləri çox olmuşdur. Ancaq onların içərisində heç kəs M. P. Vaqif səviyyəsinə yüksələ bilməyib. Molla Pənah Vaqif yaradıcılığının özünəməxsus realist ədəbi-estetik mövqeyi olmuşdur. Bundan başqa, onun yaradıcılığı təsdiq edir ki, milli özünüdərk M. P. Vaqif yaradıcılığında daha güclüdür. Onun yaradıcılığı azərbaycançılıq ideologiyasının təşəkkülündə önəmli rol oynayır.
Belə tədbirlərin keçirilməsi gənc nəslin keçmişimizi, tariximizi, ədəbiyyatımızı öyrənməsində müstəsna rol oynayır.