Şifahi xalq ədəbiyyatı inciləri

Azərbaycan şifahi xalq ədəbiyyatı çox qədim bir tarixə malik bədii söz xəzinəsidir. Xalqımızın min illər ərzində düzüb-qoşduğu zəngin bədii nümunələr, atalar sözləri, tapmacalar, lətifələr, əfsanələr, nağıllar, dastanlar və s. ağızdan-ağıza keçərək əsrlər boyu yaşamış, cilalanaraq dövrümüzə qədər gəlib çıxmışdır. Bu ədəbiyyat şifahi şəkildə yaranmış, şifahi şəkildə də yayılmışdır. Onun üzərində çoxları işləmiş, ilkin müəlliflər yaddan çıxmış və o, əsl söz xəzinəsinə, xalq ədəbiyyatına çevrilmişdir.
Elə rus bölməsinin balaca fidanları da təqdim etdikləri "Azərbaycan şifahi xalq ədəbiyyatının inciləri" adlı layihədə onları izləmək üçün gələnlərə şirin laylalar, atalar sözləri, yanıltmaclar, nəğmələr, bayatılar ifa ediblər. Müxtəlif janrlarda səhnəciklər nümayiş etdiriblər.
Müəllim Nataliya Konstantinovna şagirdlərə şifahi xalq ədəbiyyatı nümunələrində mərdlik, qəhrəmanlıq, vətənə məhəbbət, insanpərvərlik, əməksevərlik və s. kimi nəcib insani keyfiyyətlər olduğunu, həyatda baş verən hadisələri daha düzgün anlamaqda, onları daha düzgün qiymətləndirməkdə bizə yaxından kömək etdiyini anlatdı.