Hüseyn Cavidə məhəbbətlə

Hüseyn Cavid Azərbaycan ədəbiyyatında milli romantik şeirin və mənzum faciənin banisi, romantizm ədəbi cərəyanının əsas nümayəndəsidir. O, “İblis”, “Səyavuş”, “Xəyyam”, “Topal Teymur”, “Ana” , “Şeyx Sənan” və başqa gözəl əsərləri ilə ədəbiyyatımıza öz töhfəsini vermişdir. Şagirdlərimiz bu əsərləri həmişə sevə-sevə oxuyurlar.
Fevral ayının 27-də məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Kübra Abdullayeva 11”B” sinfinin şagirdləri ilə birlikdə “Cavidə məhəbbətlə” adlı tədbir keçirib. Tədbir “Kor ərəbin mahnısı”nın sədaları altında aparıcıların səhnəyə daxil olması ilə başlanıb. Aparıcılar H. Cavidin Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarı olmasından danışıblar. Sonra Cavidin lirika dünyasına səyahət edilib. Şagirdlər tərəfindən şeirlər ifa edilib. Tədbirdə H. Cavidin “İblis” əsəri əsasında hazırlanmış səhnəcik təqdim olunub.
Sonda məktəbin direktoru N. Hacıyeva tədbirdə xüsusilə fərqlənən şagirdləri təşəkkürnamə ilə mükafatlandırıb.