Qarabağ atları qürur mənbəyimizdir

Fevralın 22-də məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevil Heydərovanın 7”B” sinfində “Qarabağ atı” mövzusunda dərsi dinlənilib. Müəllim motivasiya mərhələsinə müraciət etdikdə şagirdlər Qarabağ atları haqqında həvəslə danışaraq öz fərziyyələrini söyləyiblər. O, Qarabağ atının Azərbaycanın simvollarından, dəyərlərindən, xalqımızın qürur mənbələrindən biri olduğunu qeyd edib.
Sonra dərsliyə müraciət edilib. Şagirdlər qruplara bölünərək “Qarabağ atı nə üçün qürur mənbəyimizdir?” sualı ətrafında tədqiqat işi aparıblar. Dahi şairimiz B. Vahabzadənin öz səsi ilə “Qarabağ atı” şeiri şagirdlər tərəfindən böyük maraqla dinlənilib.
Şagirdlər öz doğma Vətənində və azad yaşamağın çox böyük nemət olması nəticəsinə gəliblər. Yaradıcı tətbiqetmə mərhələsində “Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha yaxşıdır” adlı esse yazılıb.
Dərs “Qarabağım mənim” musiqisi ilə yekunlaşdırılıb. Şagirdlərə ev tapşırığı olaraq “Qarabağ atları” haqqında təqdimat hazırlamaq tapşırılıb.