“İnfo-ko” elektron tədris vəsaitinin dərs prosesinə tətbiqi

İnformasiya texnologiyalarının dərs prosesinə tətbiqi uşaqların idrak fəaliyyətini aktivləşdirir, bilikləri şagirdlərə obrazlı şəkildə çatdırır, dərsdə səmimi emosional mühit yaradır. “İnfo-ko” elektron tədris vəsaiti ibtidai siniflərdə yeni bilik və bacarıqların mənimsədilməsində etibarlı yardımçı hesab olunur.
“Bakınəşr”, “Bakımedia” və Müasir Texnologiyalar Mərkəzinin Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə ibtidai siniflər üçün hazırladığı “İnfo-ko” diski uşaqların bacarıq və qabiliyyətini inkişaf etdirməyə yönəlmiş ilk milli elektron vəsaitdir.
Yanvarın 4-də II sinifdə “Alqoritm” tədris vahidi üzrə “Hərəkətlər ardıcıllğı” mövzusunun tədrisi zamanı dərsin möhkəmləndirilməsi mərhələsində məktəbin informatika müəllimi Almaz Qurbanova bu elektron vəsaitindən istifadə edib. Təkcə dərsliklə kifayətlənməyən müasir dövrün şagirdləri bacarıq və qabiliyyətini inkişaf etdirən elektron vəsaitlərlə işləməyi çox sevirlər. Həm də onlar bütün bunları “Ağıllı lövhə” dən istifadə edərək yerinə yetiriblər. İnteraktiv lövhənin qələmini sərbəst idarə edən balacalar üçün dərs çox maraqlı olub. Onlar elektron qələm ilə verilmiş tapşırıqlara uyğun olaraq müxtəlif hadisələr və hərəkətlər ardıcıllığını yerinə yetiriblər. Şagirdlərin bacarıqları müəllim tərəfindən meyarlar əsasında qiymətləndirilib.