STEM təhsil mərkəzi ilə birgə təlimlərimiz davam edir

STEM təhsil mərkəzi və 247 №-li məktəbin birgə layihəsi çərçivəsində keçirilən təlimlər davam edir. 13 noyabr tarixində kiçik qrupumuzun üzvləri inşaat mühəndisliyi üzrə ikinci dərslərini keçdilər. Dərs zamanı şagirdlər asma körpünün dayaq üzərində olan körpüdən fərqini öyrəndilər, bucaq anlayışı, fiqurlar və onların dayanıqlığı haqqında məlumatlar əldə etdilər. Sonra isə ilk dəfə olaraq layihə üzrə işləyərək öz asma körpülərini düzəltdilər. Böyük qrupun şagirdləri isə mexanika mühəndisliyinə aid olan orta əsrlərdə istifadə olunan bir silah "katapulta" haqqında məlumatlar əldə etdilər. Onun mexanikası ilə tanış oldular, kinetik və potensial enerji, elastik və plastik deformasiya kimi anlayışlara yiyələndilər, sonra isə həmin mexanizm üzrə öz katapultalarını düzəltdilər və onu sınaqdan keçirtdilər. Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində 247 №-li məktəbin təqdim etdiyi “fənlərarası, layihə əsaslı və praktik dərslərdən ibarət STEM kurikulumlarının hazırlanması və tətbiqi" layihəsi STEM Təhsil Mərkəzi ilə birgə həyata keçirilir. Layihəyə uyğun olaraq şagirdlərə təlim keçirilir, məktəbdə istifadə etmək üçün STEM kurikulumları və STEM laboratoriyası hazırlanır. STEM dərsləri pilot olaraq məktəbin şagirdləri üçün sınaqdan keçirilir, gələcəkdə isə məktəbdən sonra dərnək, texnologiya dərslərində istifadə oluna bilər. STEM təhsil metodu tələbələrə dörd spesifik sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulmuşdur.