“Azərkitab”-Kitab Təbliğatı Mərkəzinə ekskursiya

İyun ayının 9-da məktəbimizin mütaliə sevər şagirdləri, valideyn və müəllim heyətindən ibarət qrup “Azərkitab”-Kitab Təbliğatı Mərkəzinə ekskursiya etdilər. 4 mərtəbədən ibarət olan binanın ayrı-ayrı otaqları müxtəlif kitablarla zənginləşdirilmişdir. Mərkəzin direktoru Sabir Həsənov şagirdlərə mərkəzin fəaliyyəti haqqında məlumat verdi. O, şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolunun müstəsna əhəmiyyət kəsb etdiyini bildirdi. Şagirdlərimiz mərkəzdəki otaqlarla tanış oldular. "Qan yaddaşımız" adı altında verilmiş bədii kitablar şagirdlərin marağına səbəb oldu. "Book coffee" adlanan otaqda quraşdırılmış xüsusi sistem, "Dəftarxana ləvazimatları" adlanan otaqda yerləşən məktəb vəsaitləri, "Dünya ədəbiyyatı" adlanan otaqda "Nobel" mükafatına layiq görülmüş əsərlər nümayiş etdirildi. Mərkəzin əməkdaşları məktəbə xatirə olaraq bir neçə kitab hədiyyə etdilər və şagidlərimizi müxtəlif layihələrə cəlb edəcəklərini bildirdilər. Ekskursiyanın məqsədi maarifçilik missiyasını genişləndirmək, şagirdlərimizi mütaliəyə səsləmək idi.