"Kompüter əsri olsa da kompüterin əsiri olmayaq" adlı "dəyirmi masa" keçirildi

Mayın 12-də məktəbin informatika müəllimlərinin birgə təşkil etdiyi "Kompüter əsri olsa da kompüterin əsiri olmayaq" adlı "dəyirmi masa" keçirildi. "Dəyirmi masa"nın keçirilməsində məqsəd kompüterin həyatımızdakı rolu, onun insanlara faydası və zərəri, insan sağlamlığına mənfi təsiri barədə şagirdləri maarifləndirməkdən ibarət idi. Şagirdlər çıxışları zamanı bildirdilər ki, bu gün dünyamızı kompütersiz təsəvvür etmək mümkün deyil. Artıq bütün sahələrdə kompüterin istifadəsi bizim gündəlik işimizə çevrilmişdir. Qeyd etdiyimiz kimi kompüterin müsbət cəhətləri olduğu kimi, mənfi cəhətləri də vardır. Müsbət cəhəti ondan ibarətdir ki, uşaqlar internet vasitəsilə kifayət qədər sürətli məlumat əldə etmək imkanına malikdirlər. Belə ki, şagirdlərin İKT-dən düzgün və məqsədyönlü istifadəsi dünyagörüşünün, savadının artmasına səbəb olur. İnternet resursları uşaqlara onları maraqlandıran suallara cavab tapmaqda köməklik edir. Müxtəlif biliklərin əldə olunmasına bərabər onların məntiqini, təfəkkürünü inkişaf etdirir, diqqətliliyi artırır. Mənfi cəhəti isə ondan ibarətdir ki, kompüterdən çox istifadə etdikdə uşaqlarda kompüter asılılığı yaradır. Bu asılılıq uşaqların səhhətinə ciddi ziyan vurur, görmə qabiliyyətini aşağı salır, onurğa sütununun düzgün inkişafına mane olur, tənəffüs sistemində problemlər yaradır, baş ağrıları əmələ gətirir, yuxu pozulmasına, yorğunluğa və narahatlığına səbəb olur. Bütün bu məsələlər ətrafında şagirdlər geniş diskussiya apardılar. "Dəyirmi masa" da həm də kompüter arxasında düzgün oturuş qaydaları, həkim, psixoloq məsləhətinə həsr olunmuş videoçarxlar da nümayiş olundu.