"Ayın tədqiqatçı bioloq məktəbi" nominasiyası-Eko aylıq

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də "Ayın tədqiqatçı bioloq məktəbi" nominasiyasıdır. Bu məqsədlə 10. 04. 2017-ci il tarixində avtomobil mühərriklərindən çıxan qazın şəhərin ekologiyasına təsiri mövzusunda araşdırma aparmaq üçün məktəbin biologiya müəllimi Mirzai Gülnazın rəhbərliyi altında 7 "B" sinif şagirdləri məktəb ətrafı ərazidə 1 saat ərzində insanlar arasında sorğu aparmışlar. Şagirdlər bu müddət ərzində küçədə hərəkət edən avtomobilləri saymış, onların nə qədər yanacaq sərf etdiyini və bu yanacaqdan ayrılan tüstünün neçə kv.m sahəni korladığını araşdırmışlar. Ümumiyyətlə, qloballaşan dünyada bəşəriyyəti narahat edən problemlərdən biri planetin ekoloji vəziyyətinin getdikcə pisləşməsidir. Atmosferin qaz tərkibində karbon qazı miqdarının çoxalması eyni zamanda oksigenin azalması ilə müşayiət olunur, çünki yanma prosesi külli miqdarda oksigen sərfi ilə əlaqədardır. Müəyyən edilmişdir ki, avtomobil mühərriklərindən çıxan qazın tərkibində 2-10 % neft və başqa yanacaqda 0,5-1 %, papiros tüstüsündə isə 0,1-1 % karbon qazı vardır. Böyük şəhərlərdə insanlar oksigen aclığı hiss edirlər. Nəticədə isə ürək-damar sistemi xəstəliklərinin və müxtəlif infeksiyaların baş verməsinə şərait yaranır. Sorğuda iştirak edənlər ekoloji duruma aydınlıq gətirərək, şəhərdə maşınların həddən artıq çox olduğunu və onların hərəkəti nəticəsində havanın çirkləndiyini söyləmişlər. Həm də qeyd etmişlər ki, bundan başqa zavodlardan buraxılan zəhərli qazlar və sulara axıdılan kimyəvi maddələr də bitki və heyvanlara, insanın sağlamlığına ümumilikdə ətraf mühitə təsir göstərir. Havanı təmizləmək, insanları bəladan xilas etmək üçün bir sıra tədbirlər görmək lazımdır. Bu tədbirlərə misal olaraq fabrik və zavodlarda kimyəvi maddələrin havaya buraxılmaması, zavodlarda təmizləyici qurğuların yenilənməsi, ağac əkilməsi və s. göstərmək olar.