"Gülüstan" poemasının müzakirəsi səkkizincilərin gözü ilə

14. 04. 2017-ci il tarixində şagirdlərin mütaliəyə olan marağını gücləndirmək məqsədi ilə növbəti tədbir həyata keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Gülnar Səfərəliyeva və Gülü Əzizovanın rəhbərliyi altında 8 "A" və 8 "B" sinif şagirdlərinə açıq havada dərs keçirildi. Bu dəfə şagirdlər görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı ilə tanış oldular. Onlar sənətkarın həyatı, lirik şeirləri, poema və dram əsərləri barədə bildiklərini, topladıqları materialları bir-birinə çatdırdılar. Şairin məşhur " Gülüstan" poeması mütaliəyə cəlb olundu. Əsərin ayrı-ayrı parçaları ifadəli oxundu, poemada əks olunan başlıca fikir müzakirə olundu. Azadlıq carçısı kimi tanınan sənətkarın bədii yaradıcılığında toxunduğu başlıca mövzular, problemlərlə bağlı fikir mübadiləsi aparıldı. Şagirdlər müzakirlərdə çox fəal iştirak etdilər, ikiyə parçalanmış Azərbaycanın birliyi probleminin bu gün üçün də aktual olduğunu vurğuladılar. Təbiətin qoynunda iki siniflə birlikdə keçirilən müzakirə eyni zamanda şagirdlər arasında əməkdaşlığı gücləndirmək baxımından da əhəmiyyət daşıdı. Uşaqlar bu cür müzakirələrin keçirilməsindən razı qaldıqlarını bildirdilər. Bəxtiyar Vahabzadənin və digər sənətkarların əsərlərini oxuyacaqlarına söz verdilər. Müəllimlər tarixmizin öyrənilməsində bədii əsərlərin böyük rolu olduğunu qeyd etdilər və şagirdlərə mütaliəyə maraq göstərməyi tövsiyə etdilər.