“Məktəb bağları” layihəsi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə martın 17-də “Məktəb bağları” layihəsinə start verilmişdir. Bu layihə ümumilikdə ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühüm töhfələr verəcək. IDEA İctimai Birliyi, FAO və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi çərçivəsində 8 rayonun - Göyçay, Şəmkir, Hacıqabul, Quba, Masallı, Oğuz, Xəzər, Zaqatalanın orta məktəblərinin həyətlərində meyvə ağaclarının əkilməsi nəzərdə tutulub. Layihə Bakı şəhərinin bir çox məktəblərində həyata keçirilib. 08. 04. 2017-ci il tarixində isə “Məktəb bağları” layihəsi Nəsimi rayonu R. Nəsirov adına 111 №-li tam orta məktəbdə baş tutdu və məktəbimizin şagirdləri də orada iştirak etdilər. Təbiətin rəngini əks etdirən yaşıl geyimli şagirdlər məktəbyanı sahədə ağacəkmə kompaniyasına böyük həvəslə qoşuldular. Onlar böyüklərin köməkliyi ilə müxtəlif növ meyvə ağacları əkdilər. Layihə çərçivəsində hər bir rayonun iqliminə və torpaq örtüyünə uyğun olaraq 40-dan çox məktəbdə 5000-ə yaxın alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva kimi meyvə ağaclarının əkilməsi planlaşdırılıb. Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.