“Təbiətin naxışları evimizdə” mövzusunda açıq dərsi keçirildi

28. 03. 2017-ci il tarixində məktəbin 1 “B” sinfində ibtidai sinif müəllimi Nağıyeva Firəngizin təsviri incəsənət fənni üzrə “Təbiətin naxışları evimizdə” mövzusunda açıq dərsi keçirildi. Əvvəlcə müəllim şagirdlərə dekorativ-tətbiqi sənətin növlərindən biri olan misgərlik, onun xüsusiyyətləri haqqında ümumi məlumat verdi. Sonra Azərbaycanda ən çox inkişaf etmiş misgərlik sənətinin xalqın məişətində və mədəniyyətində mühüm yer tutduğunu qeyd etdi. İnsan hər zaman çalışır ki, öz məişətində istifadə etdikləri əşyaları bəzəsin, onlara gözəllik versin. Misdən hazırlanan məişət əşyaları həm forma, həm də naxışlarına görə digər qablardan fərqlənir. Ustaların misdən hazırladığı incə naxışlı məişət əşyaları muzeylərimizdə qorunub saxlanılır və onlardan hazırlanan dolça, satıl, sərinc, məcməyi, aşsüzən, kəfkir, kasa, cam, qazan bu gün də evlərimizə bəzək verir. Şagirdlər misgərlik sənəti haqda videoçarxa baxdılar və onlara təqdim olunan mis əşyalar əsasında plastilindən kəfkir, qazan, aşsüzən, kasa və s. məişət əşyaları hazırladılar. Mövzu xalq sənətini qoruyub saxlamaqla yanaşı insan əməyinə hörmətlə yanaşmağı şagirdlərdə tərbiyə etməkdə çox böyük əhəmiyyətə malikdir.