“Alternativ enerji mənbələri” adlı elmi-praktik seminar

Martın 27-də məktəbdə fizika müəllimi Gülarə Xeyrullazadənin rəhbərliyi ilə siniflərarası əməkdaşlıq çərçivəsində “Alternativ enerji mənbələri” mövzusunda elmi-praktik seminar keçirildi. Seminarda VIII və XI sinif şagirdləri iştirak etdilər. Əvvəlcə şagirdlər “Alternativ enerji mənbələri” haqqında hazırladıqları materialları təqdim etdilər. Ölkəmizin yerləşdiyi əlverişli coğrafi şərait imkan verir ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi respublikamızda da ekoloji cəhətdən təmiz və bərpa olunan alternativ enerji mənbələrindən geniş istifadə edilsin. Alternativ enerji təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adıdır. Alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. O, bu gün o qədər də çox yayılmamış, ancaq ətraf mühiti təmiz saxlamaq və iqtisadi səmərəlilik baxımından əlverişlidir. Alternativ enerjinin əsasında bərpa olunan enerji durur. Şagirdlər XI sinif şagirdi Ramiz Mirzəzadənin hazırladığı “Suyun mexaniki enerjisini elektrik enerjisinə çevirən” atmosferi çirkləndirməyən cihazla də tanış oldular və bu cihaz haqqında ona müxtəlif suallar verdilər. Sonda şagirdlər belə qərara gəldilər ki, respublikamızın enerjiyə olan təlabatını ödəmək üçün müxtəlif alternativ enerji mənbələri tapmalı və bu mənbələrdən bəşəriyyətin rifahı üçün istifadə etməlidirlər.