“Xoş gəldin Novruzum” adlı tədbir keçirildi

14 mart 2017-ci il tarixdə məktəbin 2016-2017-ci tədris ili üçün fəaliyyət planının 1. 3. 20-ci bəndinə uyğun olaraq milli-mənəvi dəyərlərin təbliği, milli bayramlarımızın qeyd olunması ilə xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması istiqamətində “Xoş gəldin Novruzum" tədbir keçirildi. Tədbir dünyada ilk musiqi aləti hesab olunan, tarixən səsin sehri kimi tanınan qaval daşında möhtəşəm ifa ilə açıldı. Bu ifa bir daha sübut etdi ki, ilk musiqi dünyasının beşiyi Azərbaycandır. Bu daşların ecazkar sirlərini qonaqlara məharətlə çatdıran şagirdlərimiz həmçinin milli musiqi alətlərimiz sayılan tar, kaman və nağaranın yaranma tarixindən söhbət açdılar. Novruz ənənələrinin əks olunduğu şənlikdə müxtəlif idarə və təşkilatlardan nümayəndələr, müəllim, valideyn, şagird kollektivi iştirak etdi. Şagirdlər bayrama qədər xalqımızın keçirdiyi adət-ənənələrdən, Su, Od, Yel, Torpaq çərşənbəsindən söz açdılar. Şagirdlərin ifasında mahnılar, şerlər, səhnəciklər, haxıştalar böyük maraqla qarşılandı. Novruzun sevimli personajları olan Kosa ilə Keçəl öz maraqlı çıxışları ilə tədbir iştirakçılarını sevindirdi. Qonaqlar Novruz bayramı ilə əlaqədar keçirilən tədbirin xalqımızın milli adət-ənənələrini yaşatmaq istiqamətində böyük əhəmiyyət kəsb etdiyini qeyd etdilər.