Ümumtəhsil müəssisəsinin adını daşıdığı Qarabağ müharibəsi şəhidi Abdulla Rəhimovun döyüş yoldaşları GCH dərsində oldular

Qarabağ müharibəsi şəhidi, 776 saylı Əlahiddə kəşfiyyat batalyonunun komandiri Abdulla Rəhimovun döyüş yoldaşları: zabit Teymur İsmayılov, zabit Rasim Əliyev, Xəzər Şahverdiyev, Səyyah Sadıqov, Əmir Əhmədov, Mehman Məmmədov, Asif Çeşməli, Həmid Mahmudov, Zaur Muradov, Elçin Mamedov, Dağıstan Niftalıyev və şəhidin qardaşı Bayram Rəhimov şəhidin doğum günü münasibətilə məktəbdə oldular. Gənclərin çağırışaqədərki hazırlığı dərsində iştirak etdilər. Xl sinif şagirdlərinin ilkin hərbi bacarıqlarını müşahidə etdilər.
Döyüş yoldaşları Abdulla Rəhimovun qəhrəmanlığından danışdılar. Döyüş təəssüratlarını şagirdlərlə bölüşdülər. Hər bir azərbaycanlının Vətən qarşısında borcundan söz açdılar. Gənclərə tövsiyələrini verdilər.
Abdulla Rəhim oğlu Rəhimov 06 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hələ kiçik yaşlarından Azərbaycanı azad və müstəqil görmək arzusu ilə yanıb-tutuşmuşdur. Məhz içindəki bu hislərdən yaranan igidlik duyğusu ilə könüllü olaraq 1992-ci ildə Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli, Şuşa, Laçın, Qubadlı, Ağdam, Goranbay, Ağdərə və Tərtər uğrunda gedən döyüşlərdə əvvəlcə kiçik leytenant , daha sonra 776 saylı reyd dəstəsində qrup komandiri olaraq ağır döyüşlərdə igidlik göstərmişdir.11 may 1992-ci ildə Şuşanın Zarıqlı,Tursoy kəndi uğrunda gedən döyüşlərdə öz dəstəsi ilə düşmənə qarşı güclü müqavimət göstərmişdir. Kiçik bir qrupla düşmənin arxasına keçərək kəşfiyyat işləri aparmış, eyni zamanda düşmənin 10- 15 canlı qüvvəsini təkbaşına məhv etmişdir. Kəşfiyyat əməliyyatından qayıdarkən mühasirəyə düşmüş və yüksək bacarığı sayəsində əməliyyat qrupunu mühasirədən çıxarmağı bacarmışdır. 29 may 1992-ci ildə reyd dəstəsinin adı dəyişdirilib, “Əlahiddə kəşfiyyat batalyon”u adını almışdır. Füzuli bölgəsində bir çox döyüş əməliyyatlarında iştirak etmiş və bölük komandiri vəzifəsini icra etmişdir. Beyləsi kəndi, Qovşadlı kəndi, Məngəlmaqa yüksəkliyi uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi bölük düşmənlə dəfələrlə açıq döyüşlərə girmiş və düşmənin 1 tankını, şəxsən özü 30-35 nəfərə yaxın canlı qüvvəsini məhv etmişdir.1994-cü ildə axırıncı döyüş bölgəsi olan Tərtər, Ağdərə bölgəsində, həmin ilin yanvar ayında Gödəkburun, Jezniqumer, Qlobus yüksəkliyi uğrunda gedən döyüşlərdə misli görünməyən qəhrəmanlıqlar göstərmişdir. Düşmənin bir çox mövqelərini darmadağın edərək erməni quldurlarının cəsədləri üzərindən özü qabaqda gedərkən düşmən gülləsinə tuş gəlmişdir. 1994-cü il yanvarin 30-da Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Abdulla Rəhimov ölümündən sonra Bakı şəhəri, 9 oktyabr 1994-cü il tarixli 218 №-li fərman ilə "Azərbaycan Bayrağı ordeni" ilə təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 124 nömrəli qərarına əsasən Bakı şəhəri 247 nömrəli tam orta məktəbə Abdulla Rəhim oğlu Rəhimovun adı verilmişdir.
Şəhidimizi ehtiramla və qürur hissi ilə anırıq!