“Demə, Səməd Vurğun gəldi-gedərdi" adlı ədəbi-bədii kompozisiya

03. 03. 2017-ci il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əzizova Gülü Tofiq qızının təşkilatçılığı altında dahi Azərbaycan şairi Səməd Vurğunun həyat və yaradıcılığınl əks etdirən "Demə, Səməd Vurğun gəldi-gedərdi” ədəbi-bədii kompozisiya keçirildi. Öncə Gülü müəllimə şairin yaradıcılığından və onun Azərbaycançılıq, vətənçilik məfkurəsindən doğan qürur hissindən söhbət açdı. Şairin öz səsi ilə təqdim olunan şeiri tədbiri izləyənləri çox təsirləndirdi. Daha sonra söz şagirdlərə verildi. Onların ifasında "Vaqif", "Fərhad və Şirin" dramından, "Aygün" poemasından hazırlanmış səhnəciklər göstərildi. Doğma vətənlə, onun təbiəti ilə, insan və onun əsrarəngiz duyğuları ilə bağlı şeirlər dinlənildi. Şagirdlərin çıxışları alqışlarla qarşılandı. Dahi şairin əsərlərindən hazırlanmış rəsm əsərləri, portretlər tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Tədbirdə həmçinin Səməd Vurğunun ev muzeyinin nümayəndələri iştirak etdi. Onlar öz çıxışlarında şagirdlərin məharətlə təqdim etdikləri şeir, mahnı və səhnəciklərin olduqca maraqlı olduğunu vurğuladılar. Tədbir Ulu Öndər Heydər Əliyevin ifasında "Azərbaycan" şeirinin səsləndiyi videoçarxla sonlandı.