Milli Qəhrəmanın anım günü

Artıq neçə illərdir ki, məktəbimiz Azərbaycanın Milli Qəhrəmanı Abdulla Rəhimovun adını daşıyır. Bu gün məktəbimizdə onun anım mərasimi keçirildi. Tədbirdə şəhidin yaxınları və aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Mahir Mirzəyevin atası Sabir Mirzəyev də iştirak edirdi. Tədbir iştirakçılarına A. Rəhimovun şərəfli ömür yolu, qəhrəmanlıqları barədə məlumat verildi. Daha sonra bir zaman şəhidə dərs demiş müəllimlərin çıxışları dinlənildi. Məktəbin 8a sinfinin şagirdləri anım mərasimi ilə əlaqədar xüsusi kompozisiya hazırlamışdılar. Şagirdlərimizin söylədikləri şeirlər, ifa etdikləri mahnılar və səhnəciklər tədbir iştirakçılarında bir qürur hissi doğurdu. Çünki səslənən hər ifada onların vətənə, torpağa nə qədər bağlı olduqları, vətən uğrunda şəhid olan qəhrəmanlarla necə qürur duyduqları hiss olunurdu. Bütün bunlar sübut edir ki, gənc nəsil gələcəyə inamla baxır. Sonda şəhidin ailəsi, yaxınları çıxış edərək bildirdilər ki, nə qədər ki, belə gənclərimiz var, tezliklə torpaqlarımız geri alınacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq.