Qunduz (Bebras) beynəlxalq informatika müsabiqəsinə start verildi

Artıq 3 ildir Qunduz (Bebras) beynəlxalq müsabiqəsinə qoşulmuşuq. Bebras informatika müsabiqəsi beynəlxalq Bebras təşəbbüsünün ərsəyə gətirdiyi bir müsabiqədir. Bu müsabiqə məntiqi oyunlar və suallar vasitəsilə İnformatika və Alqoritmik düşüncə tərzinin inkişafına dəstək verir. Bebras müsabiqəsi dünyanın 35-dən çox ölkəsində keçirilməkdədir və bu say hər il artmaqdadır. Azərbaycan bu müsabiqəyə 2012-ci ildə qoşulmuş və Azərbaycan məktəbliləri ilk dəfə olaraq Beynəlxalq Bebras Həftəsində 2014-cü ildə, 82 məktəbdən olmaqla 4184 şagirdlə iştirak etmişdir. Hər il təqribən 400.000-dən çox şagird dünyanın bir çox ölkələrində Bebras müsabiqəsində iştirak edir, müəllimlər onların bu sahədə biliklərini qiymətləndirirlər. Müsabiqənin əsas məqsədi oyunlar və əyləncə xarakterli məsələlərlə İnformasiya Texnologiyaları və Kompüter Elmləri sahəsinə şagirdlərin marağını oyatmaqdır. Məsələlər elə formada tərtib olunur ki, şagirdlərdən xüsusi biliklər (proqramlaşdırma, dərin riyazi biliklər, alqoritmləşdirmə və s.) tələb olunmasın. Elə müsabiqənin əsas məqsədi də xüsusi bilikləri olmayan, lakin təfəkkürləri İT sahəsində güclü ola biləcək şagirdləri qiymətləndirməklə aşkar etməkdir. Müsabiqə dekabrın 4-dək davam edəcək. Şagirdlərimiz böyük həvəslə müsabiqədə iştirak edirlər. Uğurlar!