Əməkdar incəsənət xadimi, nəğməkar şair Baba Vəziroğlu ilə görüş keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və Kaspi.az saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 239 nömrəli tam orta məktəbdə keçirilib.
Şair məktəb illərini həyatının ən qayğısız, xoşbəxt illəri kimi yada salıb, unudulmaz xatirələrindən danışıb, müəllim adının, peşəsinin müqəddəsliyindən, illər keçsə də zamanın dəyişdirə bilmədiyi dəyərlərdən, məktəb və müəllim nüfuzunun qorunmasının vacibliyindən söz açıb. B.Vəziroğlu İsmayıllının dağ kəndində təhsil aldığı kiçik məktəbi dünyanın ən böyük məbədi, ilk müəllimini ən müdrik insanı kimi dəyərləndirib.
Qonaq II Qarabağ müharibəsi zamanı xalqın nümayiş etdirdiyi birlik və vətənpərvərlik əzmindən, Qarabağ zəfərinin, azad Şuşanın yazarların yaradıcılığına təsirlərindən, Ulu öndər Heydər Əliyevə həsr olunan “Sən elə bir zirvəsən” şeirinin yaranma tarixçəsindən danışıb, Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülməsini sənətinə verilən ali dəyər və ən gözəl yaradıcılıq motivasiyası adlandırıb.
B.Vəziroğlu yeniyetmə və gənclərdə vətənpərvərlik hissini aşılamaq işində kitabların, bədii yaradıcılıq nümunələrinin rolundan, gənclərin daha çox oxumalı olduğu şair və yazarlardan söz açıb, məktəbliləri düşündürən sualları cavablandırıb.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.