FƏXRİMİZ

Tofiq Əbülfəz oğlu Məmmədov 1958-ci il dekabrın 27-də imkansız fəhlə ailəsində anadan olub.Atası Məmmədov Əbülfət İsmayıl oğlu uşaq evində böyüyüb, anası Musayeva Bədircahan əmisinin himayəsində böyüyüb. Tofiq bizim hal hazırda təhsil aldığımız  məktəbin 10-cu sinfini qurtarıb.              

 Sovet ordusu sıralarında Gürcüstanın Axalkalakiya rayonunda qulluq etmişdir.Hərbi xidməti qurtardıqdan sonra Güzdəkdəki kaloniyada işə girmişdir, sonra ermənilərin başımıza  açdığı bəlaya dözməyib, Milli Orduya yazılmış, 1991-ci il 5 dekabrda  Şəhidlər  xiyabanında and içib, Qarabağa  getmək niyyətini bidirmişdir. 9 dekabrda isə Qarabağa  getmişdir.

                        Tofiq Əbülfəz oğlu Məmmədovun döyüş yolu

Prezidentin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması haqqında 9 oktyabr  1991-ci il tarixli fərmanından dərhal sonra ilk milli briqadanın könüllülərindən ibarət ilk batalyonu formalaşmağa başlamışdır. Həmin batalyonun tərkibində Tofiq Əbülfət oğlu Məmmədov da olmuşdur. 5 dekabr 1991-ci il tarixində Şəhidlər xiyabanında əsgər və zabitlərin andiçmə mərasimi keçirilmişdir. 10 dekabr 1991-ci il tarixində batalyonun əsas hissəsi, o cümlədən T.Məmmədovun xidmət etdiyi 3-cü rota qızğın döyüşlərin getdiyi Şuşa bölgəsinə göndərilmişdir. Şuşanın mühüm obyektlərinin qurulmasında, ətraf qəsəbə və kəndlərin müdafiəsində T.Məmmədov yaxından və fəal iştirak etmiş, özünün qorxmaz, intizamlı, bacarıqlı əsgər olduğunu dəfələrlə sübuta yetirmişdir.                                                                                                                       

25 dekabr 1991-ci il tarixində Tofiq də daxil olmaqla 25 nəfərlik vzvod Şuşanın Stepanakertlə üz-üzə dayanmış Kərkicahan qəsəbəsinin ön xəttinə göndərilmişdir. Dekabrın 27-dən 28-ə keçən gecə erməni qüvvələri Stepanakertdən genişmiqyaslı hücuma keçərək Kərkicahan qəsəbəsini mühasirəyə almışlar. 6 saat ərzində tərəflər arasında şiddətli döyüş getmişdir. Bu qeyri-bərabər döyüşdə vzvodun əsgərləri son anacan müdafiə xəttindən çəkilməyərək vuruşmuşlar. Nəticədə vzvodun 5 əsgəri mühasirəni yararaq Şuşaya qayıda bilmişlər. 11 yaralı əsgər və zabir ermənilər tərəfindən əsir alınmış , vzvodun qalan əsgərləri isə qəhrəmancasına həlak olmuşdur.  Tofiq Əbülfət oğlu Məmmədov da həmin həlak olanlar arasında idi.

                            Şəhid Tofiq Məmmədovun vəsiyyəti

Mən Qarabağa getmək niyyətini söyləyəndə, təəssüf ki, heç kim məni başa düşmədi. Mən mamayla, Nəcibəni qınamıram. Onlar qadındır. Amma kişilər deyəndə: “Nəyimə lazımdır” mənə çox ağır gəldi. Dərindən fikirləşəndə heç onların da günahı yoxdur. Çünki 70 il ərzində ruslar bizdə vətən, torpaq hisslərini öldürməyə çalışıblar. Amma hamıda öldürə bilmədilər.                          

Mən bu torpaqdan ötrü ölməyə hazır olan türk oğullarının arasında olduğum üçün özümlə fəxr edirəm. Mənim üçün vətən, ana torpaq ancaq söz deyil. Hər gün qəzetdə, televizorda eşidəndə ki, yandırdılar, dağıtdılar, öldürdülər mən qorxurdum ki, evdə infarktdan ölərəm.Ona görə qərara gəldim ki, mənim yerim oradır. Axı mən bilmək istəyirəm- mən kiməm, nəyə qadirəm, nə üçün dünyaya gəlmişəm- ancaqmı yeyib-yatmağa?!

Əgər mənə bir şey olsa, uşaqlarımı qardaşım Qüdrətə tapşırıram. Əgər mənə bir şey olsa, məni Qağanın yanında basdırarsınız. Çünki biz həmxasiyyət adam idik. O dünyada da  varsa əgər mehriban dolanarıq. Mən inanmaq istəmirəm ki, Qaqa kimi kişinin qızı, yəni Nəcibə 5 ildən sonra ərə getmək istəsin. Onda mən qeyrətimi Qüdrətə tapşırıram.         

Az qaldı yadımdan çıxmışdı, Mama, İsmayılı gətir yanına hələ ki, korlanmayıb. Öpürəm hamınızı: Mamanı, Papanı, Ananı, Qüdrəti, İsmayılı. Puldan və nədən ötərisə ölmək axmaqlıqdır, ancaq vətənin azadlığı üçün həm asandır, həm də şərəflidir.                                                                        

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi