Heydər Əliyev və Uşaq hüquqları
Məktəbimizdə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və uşaq hüquqları” mövzusunda görüş keçirildi.
Görüşdə Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili Ombudsman Səbinə Əliyeva, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, BŞTİ-nin və Ombudsman Aparatının nümayəndələri, qonaq oldular.
Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.
Görüş ulu öndər Heydər Əliyev və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
239 nömrəli tam orta məktəbin direktoru Nisə Fərəcova qonaqlara görüşün əhəmiyyəti barədə məlumat verdi. Məktəb direktoru Heydər Əliyevin zəngin irsinin təbliğinin şagirdlərin müvafiq biliklərinin daha da zənginləşdirilməsinə zəmin yaratdığını diqqətə çatdırdı.
Daha sonra çıxış edən Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili Ombudsman Səbinə Əliyeva Ümummilli Liderin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edən zamanlarda ailə və uşaq problemlərinin həllinə böyük diqqət yetirdiyini nəzərə çatdırdı. Vurğuladı ki, Ümummilli Liderin uşaqlara qayğısının nəticəsidir ki, Vətənə layiqli övladlar yetişir. S.Əliyeva hər bir şagirdin öz hüquq, vəzifə və öhdəliklərini bilməsinin vacibliyindən söz açıb, şagirdlərin bu istiqamətdə məlumatlılıq səviyyəsinin artırılmasının zəruri olduğunu bildirdi.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən, onun uşaqlarla bağlı maraqlı xatirələrindən danışdı Bildirdi ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə uşaq siyasətinin daha güclü təməllər üzərində qurulması və həyata keçirilməsi üçün fəaliyyətinin mühüm bir hissəsini bu məsələyə yönəldib.
M.Vəliyeva əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uşaq hüquqlarının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini söylədi.
Heydər Əliyev və uşaq hüquqlarından bəhs edən videoçarx nümayiş olundu
Daha sonar görüş maraqlı diskusiya formatında davam etdi.Məktəbin coğrafiya müəllimi Əməkdar müəllim Fəridə İbrahimova VII a sinif şagirdləri ilə hazırladıqları uşaq hüquqları mövzusunda çıxışlarını təqdim edib maraqlı müzakirələr apardılar.
Sonra uşaq hüquqlarının müdafiəsi ilə bağlı şagirdlərin hazırladıqları səhnəcik nümayiş olundu.