2018-2019-cu tədris ilində...

2018-2019-cu tədris ilində şagirdlərin və müəllimlərin qazandıqları nailiyyətlər:

Avqustun 20-də Dağıstanda “Xəzər dostluq dənizidir-2018” düşərgəsində uşaqlar arasında şahmat üzrə komanda turniri keçirilib. Yarışlara Azərbaycan və Rusiya idmançıları qatılıblar. İyirmiyə yaxın komandanın yarışdığı turnir Dağıstanın tanınmış ictimai xadimi Maqomed Qamzatovun xatirəsinə həsr olunub. Turnirdə Bakı və Sumqayıtdan, Çeçenistan, Kabarda-Balkar, Şimali Osetiya, Kalmıkiya, Həştərxan, Volqoqraddan 80-dən çox şahmatçı iştirak edib. Mötəbər yarışda məktəbin 8 "B" sinif şagirdləri Axunov Akif Vahid oğlu və Axundova Nərgiz Vahid qızı qaliblər sırasında yer alıb. Qaliblərə Dağıstan Təhsil və Elm Nazirliyinin diplomları, Maqomed Qamzatovun ailəsi adından kubok və medallar təqdim olunub.

**************

Sentyabrın 25-də Səbail Rayon İcra Hakimiyyəti və Səbail Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 3 nömrəli Uşaq-Gənclər Şahmat İdman məktəbində məktəblilərarası şahmat yarışı təşkil edilib. Hər bir məktəbi 4 oğlan, 2 qızdan ibarət 6 nəfərlik komanda təmsil edib. Yarış “Şahmat”-ın beynəlxalq qaydalarına əsasən keçirilib və püşkatmanın nəticəsinə əsasən komanda şəklində olimpiya sistemi üzrə təşkil olunub. Yüssək səviyyədə təşkil olunmuş yarışda 236 nömrəli tam orta məktəb 1-ci yerə layiq görülərək qalib üzvlərinə Səbail Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və diplomlar təqdim olunub. Yarışın təşkilində əsas məqsəd istedadlı gənc şahmatçıların aşkar olunması, onların istedadlarının üzə çıxarılması üçün şəraitin yaradılması, məktəblilər arasında ünsiyyətin, o cümlədən dostluq əlaqələrinin artırılması, "Şahmat” idman növünün geniş təbliğ olunması olub. Məktəbin fiziki tərbiyə və şahmat müəllimi olan yarışda məktəbi ləyaqətlə təmsil edən komanda məşqçisi Şakir Quliyev başda olmaqla olmaqla komanda üzvləri Paşam Əlizadə, Cəmil Mürvətov, Tural Mahmudlu, Şıxverdi Rauf, Aytac Babazadə və Günel Mahmudlunu məktəb rəhbərliyi və kollektivi adından təbrik edir uğurlarının davamlı olmasını diləyirik.

**************

Oktyabrın 8-də Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən təşkil olunan “Federasiya Kuboku” yarışları üzrə iki gün ərzində “Laser” və “Optimist” siniflərinin yarışı keçirilib və “Windsurf sinfi”nin nümayişi olub. Yarışda, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSCnin “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun “Laser-standard” sinfi üzrə komandası da iştirak edib. “Optimist” sinfi üzrə yarışda Yelkənli İdman Federasiyasının (YİF) üzvləri fərqləniblər. Belə ki, çətin hava şəraitində gərgin idman mübarizəsi aparan məktəbin 6 "E" sinif şagirdi Səxavət Əzimov ikinci yeri tutaraq diplom, medal və qiymətli hədiyyələr qazanıb. Onu da qeyd edək ki, bu Səxavətin ilk uğuru deyil. Səxavət Əzimov Qazaxıstanın Aktau şəhərində Azərbaycan Yelkənli İdman Federasiyanın (AYİF) “Optimist” sinfi üzrə yığma komandasında beynəlxalq "Caspian Cup" ("Xəzər kuboku") Yelkənli Qayıq Yarışı üzrə keçirilən mötəbər yarışda uğurla iştirak edib.

**************

Oktyabrın 14-də Türkiyənin Gənclik və İdman Nazirliyi tərəfindən cüdo idman növü üzrə təşkil olunmuş yarışda məktəbin 10 "Ç" sinif şagirdi Məhərrəmov Turxan İlham oğlu çempionatda 46 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq II yerə layiq görülüb. Turxan Məhərrəmov Türkiyənin Gənclik və İdman Nazirliyi tərəfindən medal və diplomla təltif olunub. Onu da qeyd edək ki, bu cüdoçu Turxanın ilk uğuru deyil. O, Cüdo idman növü üzrə təşkil olunmuş bir çox yarışlarda dəfələrlə 1-ci, 2-ci, 3-cü yerlərə layiq görülmüş və ümumilikdə çox sayda diplom və medallar qazanmış, xüsusi fərqlənmə sertifikatları ilə təltif edilmişdir.

**************

Oktyabrın 18-də "Dövlət Müstəqilliyi Günü"nə həsr olunmuş Xəzər rayon Gənclər və İdman idarəsi və AFMC üzrə"Sənan" idman klubunun təşkilatçılığı ilə qarışıq döyüş növləri üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq turnir yarışları keçirilib. Yarışda 12-13 yaş təvəllüdlü idmançılar arasında 40 kiloqram çəki dərəcəsində mübarizə aparan məktəbin 6 "D" sinif şagirdi Natiq Niftəliyev bütün rəqiblərinə qalib gələrək I yeri tutub. Natiq Niftəliyev təçkilatçı qurum tərəfindən birincilik medalı, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

**************

Oktyabrın 21-də Bakı şəhər Gənclər və İdman Baş idarəsinin və "Atilla" İdman Klubunun birgə təşkilatçılığı ilə "Kempo" idman növünün Full Kempo versiyası üzrə "Dövlət Müstəqilliyi Günü"nə həsr olunmuş Kempo üzrə avrasiya çempionatı keçirilib. Yarışda 12-13 yaş təvəllüdlü idmançılar arasında 50 kiloqram çəki dərəcəsində mübarizə aparan məktəbin 8 "D" sinif şagirdi Əli Aydəmirov finalda bütün rəqiblərinə qalib gələrək I yeri tutub. Əli Aydəmirov təçkilatçı qurum tərəfindən birincilik medalı, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

**************

Oktyabrın 25-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhər məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilib. Yarış 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunub. Gərgin mübarizədə Səbail rayon məktəblilərinin komandası qalib gələrək I yeri qazanıb. Qalib komandamız kubok, diplom və medallarla təltif edilib. Yarışın keçirilməsində məqsəd məktəblilərin idmana olan marağını daha da artırmaq, futbol idman növünü məktəblilər arasında təbliğ etməkdən ibarət olub.

**************

Oktyabrın 30-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə məktəbin 10 “E” sinif şagidi Fidan Məmmədzadəyə həvəsləndirici yer tutduğuna görə diplom və pul mükafatı təqdim olunub. Tədbirin keçirilməsində məqsəd məktəblilərin milli ruhda tərbiyəsi, Azərbaycan tarixi və mədəniyyəti, adət-ənənələrimiz və dəyərlərimiz barədə biliklərinin artırılması olub.

**************

Noyabrın 1-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə IV Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırma mərasimində məktəbin 8 “C” sinif şagirdi Abdullayeva Nargilə Azər qızı kimya fənni üzrə III yer tutduğuna görə diplom və medalla təltif olunub. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılmasından ibarət olub.

**************

Noyabrın 1-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə “Məktəblər arasında respublika çempionatı”nın rayon mərhələsi keçirilib. 236 nömrəli tam orta məktəb “Məktəblər arasında respublika çempionatı”nın rayon mərhələsində Basketbol idman növü üzrə ikinci yer tutduğuna görə diplomla təltif olunub. Qeyd edək ki, “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, onlar arasında idmana olan marağın artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi olub.

**************

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən “Məktəblər arasında respublika çempionatı”nın rayondaxili mərhələsində şahmat idman növü üzrə keçirilən yarışda 236 nömrəli tam orta məktəbin komandası II yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Onu da qeyd edək ki, məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumtəhsil məktəbləri şagirdlərinin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir.

**************

Dekabrın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 20 nömrəli məktəbliseydə BŞTİ-nin təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının qaliblərinin və təhsil işçilərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə məktəbin 7 “D” sinif şagirdi Muxtar Məmmədov Rəhim oğluna olimpiadada yüksək nəticə göstərdiyinə görə medal, diplom və qiymətli hədiyyə təqdim olunub. Daha sonra təhsil işçilərinin mükafatlandırılma mərasimi keçirilib. Mötəbər tədbirdə məktəbin fiziki tərbiyə və şahmat müəllimi Şakir Quliyev Qulu oğlu “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

**************

Yanvarın 10-da “Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin yarışı keçirilib. 80 klubdan 612 cüdoçunun mübarizə apardığı yarışda ikinci günün qalibləri məlum olub. Qaliblər arasında məktəbin 11 “Ç” sinif şagirdi Ruslan Nəsirli də olub. 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birincilik qazanan Ruslan Nəsirli respublika çempionu adına layiq görülərək medal, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomu təqdim olunub.

**************

“Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi yarışında məktəbin 11 "E" sinif şagirdi Elşən Əsədov 60 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək ikinci yeri tutub. O, Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif olunub.

**************

Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə Şağan İdman Olimpiya Kompleksində Alpaqut turan döyüş sənəti üzrə IV Azərbaycan birinciliyi keçirilib. Alpaqut Turan döyüş növü üzrə IV Azərbaycan çempionatına Aypara, Batur, Caymaz və Qurşaq sistemi üzrə 300 alpaqutçunun qatıldığı yarışda məktəbin 4 "D" sinif şagirdi Əlizadə Sara 8 yaşlı idmançılar arasında 25 kq çəki dərəcəsində final mərhələsinin döyüşlərini qələbə ilə başavuraraq birincilik əldə edib. Sara Əlizadəyə Alpaqut Federasiyasının diplomu və birincilik medalı təqdim olunub.

**************

Martın 3-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş kikboksinq üzrə kadetlər arasında Bakı şəhər birinciliyi keçirilib. 18 idman klubunu təmsil edən 268 idmançının mübarizə apardığı yarışda məktəbin 3 "Ə" sinif şagirdi Azad Verdiyev III yeri tutaraq diplom və medalla təltif olunub. Qeyd edək ki, bu, məktəblinin ilk uğuru deyil. Azad Verdiyev bir çox idman yarışlarında müvəffəqiyyətlə iştirak edib və müvafiq dərəcəli diplomlar və medallarla təltif olunub.

**************

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat festivalı keçirilib. Keçirilən festivalın zona yarışında II siniflər üzrə məktəbin II sinif şagirdi, daim öz rəqiblərini mat qoyan balaca şahmatçımız Paşam Əlizadə birinci yer tutduğuma görə diplom və hədiyyələrlə mükafatlandırılıb.

**************

Martın 15-də Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi, Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Səbail rayon məktəbliləri arasında şahmat üzrə rayon turniri keçirilib. Şahmat üzrə rayon turnirinin nəticəsinə görə 236 nömrəli tam orta məktəbin komandası I yeri tutduğuna görə kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

**************

Martın 28-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşəbbüsü və təşkilatçılığı ilə məktəbin foyesində “Narkomaniya məktəblilərin gözü ilə” adlı rəsm sərgisi keçirilib. Yaqut İslamova məruzəsində şagirdlərə narkomaniyanın törətdiyi fəsadlardan danışıb. Narkomaniyanın insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm" olduğunu bildirərək bu barədə geniş məlumat verib. Məktəbin müəllim və şagird heyəti əl işləri ilə yaxından tanış olublar. Sonda müsabiqədə iştirak edən şagirdlərə diplom və hədiyyələr təqdim edilib.

**************

Martın 19-da Rusiyanın Maxaçqala şəhərində gənclər və yeniyetmələr arasında boks üzrə “Boks Akademiyası” adlı açıq respublika turniri keçirilib. Turnirdə 54 kq çəki dərəcəsindəməktəbin 8 "D" sinif şagirdi Əyyub Həbibovbütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonda qalib idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.

**************

Martın 27-29-da Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə kişi və qadınlar arasında ənənəvi Beynəlxalq “Prezident Kuboku-2019” reqatası keçirilib. Kanoeçilərin mübarizəsində finişə 6 dəqiqə 11,74 saniyəyə çatan məktəbin 9 "A" sinif şagirdi Səid İsmayılov üçüncü yeri tutaraq medal və diplomla təltif olunub.

**************

Martın 31-də "Şüa" İdman-Sağlamlıq Kompleksində üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilib. Məktəbin 7 "A" sinif şagirdi Ayxan Məmmədov qeyd olunan məsafələrdə normativi yerinə yetirib və müxtəlif üsullarla üzmədə II yeri tutaraq medal və diplomla təltif olunub.

**************

Martın 29-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 8 yaşadək oğlanlar arasında şahmat üzrə Bakı birinciliyi keçirilib. Daim öz rəqiblərini mat qoyan məktəbin ikinci sinif şagirdi Paşam Əlizadə çempionluq uğrunda sona qədər mübarizə apararaq birinci yerə layiq görülüb. O, diplom, xatirə medalı və qiymətli hədiyyələrlə təltif edilib. Paşam Əlizadənin növbəti qalibiyyətini məktəb rəhbərliyi, sinif rəhbəri Gülnarə Zeynalova və Paşamın sinif yoldaşları böyük coşqu ilə qarşılayıb.

**************

Mayın 9-da “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil müəssisələrinin şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika şahmat festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Yarışın final mərhələsində II, III və IV siniflərdən altı zona üzrə yarışlarda birinci və ikinci yeri tutan oğlan və qız şahmatçılar olmaqla ümumilikdə 72 məktəbli mübarizə aparıb. Şahmat yarışlarında daim öz rəqiblərini mat qoyan məktəbin ikinci sinif şagirdi Paşam Əlizadə çempionluq uğrunda sona qədər mübarizə apararaq birinci yerə layiq görülüb. Təhsil nazirinin müavini Firudin Qurbanov Paşam Əlizadəyə diplom, medal və qiymətli hədiyyələri təqdim edib.

**************

Mayın 11-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yelkənli qayıq yarışı (“Baku Sailing Regatta-2019”) keçirilib. İdmanın bu növünə marağı artırmaq və sağlam həyat tərzini gənclər arasında təbliğ etmək məqsədilə keçirilən yarışda məktəbin 6 "E" sinif şagirdi Səxavət Əzimov “Optimist” sinfi üzrə yığma komandanın fəal iştirakçılarından olub və buna görə Diplomla təltif edilib.

**************

Mayın 14-də istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılması məqsədilə riyaziyyat fənni üzrə məktəblilər arasında aprelin 21-i tarixində keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində məktəbin müxtəlif siniflərindən yüksək nəticə göstərən I, II və III yerləri tutmuş qalib şagirdlərə məktəbin direktoru tərəfindən Diplomlar təqdim edilib.

**************

Mayın 10-da “ABU Arena”da Azərbaycan Həndbol Federasiyası və Səbail Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Səbail rayon məktəbliləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan həndbol turniri keçirilib. İki gün davam edən turnirin finalında 236 nömrəli orta məktəbin şagirdləri yüksək bacarıq göstərərək II yerə layiq görülüblər. Komanda üzvlərinə diplom, medal və hədiyyələr təqdim olunub.

**************

Mayın 17-də AFFA və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəblərdə futbol dərsi” layihəsi çərçivəsində qızlardan və oğlanlardan ibarət komandalar arasında təşkil edilən turnirin mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində məktəbin komandasına oğlanlar arası turnirdə II yeri tutduğuna görə diplom və medallar təqdim olunub. Onu da qeyd edək ki, oğlanların turnirində liqanın ən yaxşı oyunçusu məktəbin 7 "A" sinif şagirdi Amin Əliyev olub.

**************

Martın 13-dən 17-dək Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə “Testene Art Baku” III Beynəlxalq incəsənət festival-müsabiqəsi keçirilib. Keçirilən “Testene ART Baku” III Beynəlxalq incəsənət festival-müsabiqəsində məktəbin 5 "C" sinif şagirdi Ləman Abdullayeva fortepianoda gözəl ifasına görə diploma layiq görülüb.

**************

Mayın 31-də Səbail rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə 236 nömrəli tam orta məktəbdə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə asfalt üzərində rəsm müsabiqəsi təşkil edilib. Müsabiqə iştirakçıları asfalt üzərində müxtəlif rəngli təbaşirlərlə rəsmlər çəkərək,öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Münsiflər heyətinin rəyinə əsasən Səbail rayon məktəbliləri arasında asfalt üzərində rəsm müsabiqəsində məktəbin 8 "Ə" sinif şagirdi Amin Əliyev II yeri tutduğuna görə diplomla təltif olunub. Mükafatlandırma mərasimində çıxış edənlər uşaqları əlamətdar gün münasibəti ilə təbrik ediblər.

**************

İyunun 6-da Latviyanın paytaxtı Riqada Latviya Üzgüçülük Federasiyasının və "Synchro Latviya" idman klubunun təşkilatçılığı ilə sinxron üzgüçülük üzrə müsabiqə (“Synchro Latvia Cup 2019”) keçirilib. 2000-2006-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil edilən beynəlxalq müsabiqədə Azərbaycanı “Discipline” qrupu təmsil edib. Qrupun ən fəal iştirakçılarından olan məktəbin 6 “E” sinif şagirdi Aylin III yeri tutduğuna görə "Synchro Latviya" idman klubunun diplom, medal və mükafatlar ilə təltif olunub. Maraqlı və xoş anlarla dolu olan bu yarış böyük həyəcanla izlənib.

**************

“Kapital Bank”ın baş sponsorluğu, Təhsil İnstitutunun təşkilatçılığı ilə riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilən “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində məktəbin biologiya müəllimi Elnur Məmmədov yüksək nəticə ilə birinci yeri qazandığına görə təşkilatçı qurum tərəfindən pul mükafatı və diplomla təltif olunub.

**************

Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası üzrə 5-ci Bakı çempionatı və birinciliyinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə məktəbin 7 “A” sinif şagirdi, Bakı Gimnastika Məktəbinin təmsilçisi Adil Paşayev III yeri tutaraq medal və diplomla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi