Dilimiz sülh dili, məhəbbət dilidir.

19 fevral 2016-cı il tarixdə " 21 fevral Beynəlxalq Ana dili günüdür " mövzusunda geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru İmaməliyev Xanlar Əmirqulu oğlu açdı. Dünyaya göz açanda ilk kəlmələri bu dildə eşitdik. Anamız bu dildə beşik başında həzin layla dedi, nənələrimiz şirin nağıllarını bu dildə söyləyərək böyütdü bizi. Əsrlərdən, nəsillərdən bizə ərməğan edilmiş, minillik tarixi olan, bulaq suyu, dağ şəlaləsi kimi saf, təmiz ana dilimizdə ata öyüdü, baba nəsihəti dinlədik.....Əsrlər boyu ana dilimiz tarixin sərt sınaqları ilə üzbəüz dayanmışdır. Təkcə XX əsrdə Sovet imperiyasının əsarəti altında düz üç dəfə təcavüzə məruz qalan dilimiz yalnız 2001-ci ildə ümummilli lider Heydər Əliyevin sayəsində rəsmi olaraq latın əlifbasına keçdi. "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun qüvvəyə mindi və bununla dilimiz, varlığımız bütün türk dünyası ilə birləşdi. Ulu öndər deyirdi:"Dilimiz minilliklərin bizə əmanətidir. Gələcək Azərbaycanla 40 əsrlik tariximiz, mədəniyyətimiz arasında bir körpüdür, əlaqədir. Bu bağı qırmağa, bu əlaqəni kəsməyə, bu körpünü uçurmağa heç kəsin haqqı yoxdur.Ölkəmizdə milli-mənəvi sərvətimiz olan ana dilimiz dövlət səviyyəsində qayğı ilə əhatə olunmuş, onun qorunması, inkişaf etdirilməsi üçün qəti addımlar atılmışdır.Azərbaycan özünün müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev dilimizin qorunması, dövlət səviyyəsinə yüksəldilməsi məqsədilə bir sıra tədbirlər görmüşdür. Bu gün ölkə başçısı cənab İlham Əliyevin dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi sahəsində imzaladığı sərəncamlar dilimizə dövlət qayğısının təzahürüdür. Dilimizin inkişafında, qorunmasında vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəsin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyəti biz müəllimlər daha çox hiss edirik....Çünki dünyanı dünya edən hər bir xalqın, millətin öz dilinin olmasıdır. Gəlin hər birimiz məhəbbətimizi, duyğularımızı ifadə etdiyimiz müqəddəs ana dilimizi sevək, qoruyaq!Sonda tədbirdə şagirdlər tərəfindən şeirlər səsləndi.