"Sehirli xəritə" adlı möhtəşəm musiqili tamaşa təqdim olunub

Dekabrın 27-i məktəbin akt zalında məktəbin musiqi müəllimi İlahə Quliyevanın təşkilatçılığı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş "Sehirli xəritə" adlı möhtəşəm musiqili tamaşa təqdim olunub.
Tədbirdə məktəb rəhbərliyi, kollektivi, şagirdlər, valideynlər və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Jül Qabriel Vernin hekayəsi əsasında səhnələşdirilmiş tamaşada Jül Verindən gələn məktub dəniz piratlarının hiyləgər planını pozur və Jül Verin fırtınadan canını qurtardıqdan sonar yenidən xəritənin axtarışına çıxır və son hissənin Azərbaycanda olduğunu bildirir.
Şagirdlərin yaratdıqları obrazlar, nümayiş etdirdikləri Azərbaycan və dünya xalqlarının rəqsləri, geyimlərinin rəngarəngliyi tamaşa edənlərin xüsusi diqqətini çəkib və böyük rəğbətlə, alqışlarla qarşılanıb.
Tədbirin sonunda çıxış edən məktəbin direktoru Xanlar İmaməliyev bildirib ki, 31 Dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. O, daha sonra təşkilatçı İlahə Quliyevaya keçirilən tədbirin yüksək səviyyəli təşkilinə görə öz minnətdarlığını bildirib və tamaşaçı auditoriyasını valeh edən bu möhtəşəm tamaşanın hələ uzun müddət yaddaşlarda qalacağını qeyd edib.
Tədbir şagirdlərin ifasında “Vətənim Azərbaycan” mahnısı ilə başa çatıb.